Vətəninfo.az xəbər verir ki, Moskvada barəsində qiyabi həbs qərarı çıxarılmış və daha sonra Sverdlovsk vilayətinin inzibati mərkəzi olan Yekaterinburq şəhərinə gətirilmiş tanınmış azərbaycanlı diaspor rəhbəri Şahin Şıxlinski hazırda təkadamlıq kamerada saxlanılır. Bu barədə məlumatı Rusiya KİV-ləri yayıb.
Şıxlinskinin saxlanıldığı cəzaçəkmə müəssisəsində adi kameradan ayrılaraq, xüsusi nəzarətli, izolyasiya şəraitində təkadamlıq kameraya yerləşdirilməsi psixoloji təzyiq kimi qiymətləndirilir. Hüquq müdafiəçiləri bunu həm də onun ictimai nüfuzunu sarsıtmaq və barəsindəki istintaq prosesinə təcrid şəraitində təsir etmək cəhdi kimi dəyərləndirirlər.
Məlumat üçün qeyd edək ki, Şahin Şıxlinski barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə cinayət işi açılıb. Rəsmi sənədlərə əsasən, o, iyulun 1-də Yekaterinburqda “Mercedes-Benz” markalı avtomobil idarə edərkən Rusiya polisinin əmrinə tabe olmamaqda və avtomobilin açıq qapısı ilə hüquq-mühafizə orqanı əməkdaşına fiziki xəsarət yetirməkdə ittiham olunur. Rusiya tərəfi zərərçəkmiş şəxsin şəxsiyyətini gizli saxlayır, onun “xüsusi statuslu əməkdaş” olduğunu bildirir.
Qeyd edək ki, bu hadisə son aylarda Rusiyada azərbaycanlı iş adamlarına, fəallara və diaspor nümayəndələrinə qarşı artan təzyiq kampaniyasının davamı kimi qiymətləndirilir.Musavat.com