ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Zəngəzur dəhlizi ilə bağlı əldə edilən son razılaşma bölgədə yeni siyasi müzakirələr yaradıb.
Vətəninfo.az xəbər verir ki, bu çərçivədə “Iran 24” telekanalının müxbiri Zəngəzur dəhlizi ilə bağlı razılaşmanın əhəmiyyəti və İran üçün mümkün nəticələri barədə qatı anti-Azərbaycan mövqeli ekspert, SEPAH-ın sabiq komandirlərindən və İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının keçmiş sədr müavini olan Mənsur Həqiqətpurdan geniş müsahibə alıb.
“Bu razılaşmanı kiçik hesab edənlərin baxışı sadəlövhlükdür” – deyə, Həqiqətpur vurğulayıb. O, söhbət zamanı İran prezidenti Məsud Pezeşkianın Zəngəzur məsələsini “şişirdilmiş” və “böyük problem olmayan bir məsələ” kimi dəyərləndirməsi ilə bağlı deyib:
“Bu müqaviləni kiçik hesab edən və ya qohumluq bağlarını məsələnin əhəmiyyətsizliyinə dəlil gətirən bəzi dostların sadəlövh baxışını qəbul etmirəm. Bu baxış vulqardır və ondan imtina edilməlidir. Zəngəzurun vəziyyəti region üçün strateji əhəmiyyət daşıyır və İran gələcək qərarlarda mütləq pay sahibi olmalıdır”.
Həqiqətpur daha sonra açıqlamasının sərt hissəsinə keçərək prezidentin oğlu Yusif Pezeşkianı hədəfə alıb: “Onun oğlunun fikirlərini və ideyalarını qəbul etmirik. Bu fikirlərin pantürk hərəkatına daha uyğun olduğunu düşünürük. Prezidentin oğlu istisna olmaqla, yalnız əsl mütəxəssislərin rəylərindən istifadə etməlidir”.
“İrana pay verilməsə, biz alternativ planlar hazırlamalıyıq. Əgər bu razılaşmada İran İslam Respublikası üçün konkret pay müəyyən edilməzsə, bölgədə təsir imkanlarını qorumaq üçün alternativ planlar nəzərdə tutulmalıdır”, – deyə, keçmiş general açıqlayıb.
Həqiqətpur müxbirin “Zəngəzur dəhlizi İranın Avropaya və Ermənistana çıxışını kəsəcək?” sualına belə cavab verib: “Xeyr, belə bir hal baş verməyəcək. Bizim Avropaya çıxışımız üçün bir çox yollarımız var. Habelə, bizim Ermənistanla sərhədimizin kəsiləcəyi halda, bunu başqa bir yol ilə əvəz etmək üçün alternativimiz mövcuddur”.
12 günlük İran-İsrail müharibəsinə toxunan müxbir qarşıdurma zamanı guya “Azərbaycanın Təl-Əvivə dəstək verməsi, habelə, Azərbaycandan İrana dron hücumları edilməsi” ilə bağlı yayılan şayiələrdən söz açaraq, Həqiqətpurun bundan məlumatlı olub-olmamasını soruşub. Keçmiş general cavabında iddia edib: “Bizim daha öncədən Azərbaycanda İsrail bazalarının olmasından xəbərimiz var idi. İllər əvvəlİsfahanın hava məkanında və Nətənzdə “Hermes” dronu İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilib. Bu PUA-nın Qarabağda ermənilər tərəfindən zərərsizləşdirildiyi də bildirilib. Xəzər dənizi üzərində “Hermes” dronuna aid olduğu bildirilən dalğalar da müəyyən edilib. Bizim son qənaətimiz odur ki, həmin dron Azərbaycandan buraxılıb”.
Müsahibənin davamında ekspert İran–Azərbaycan münasibətlərinin təkcə etnik və qohumluq amilləri üzərində qurulmamalı olduğunu vurğulayıb. O, bu münasibətlərin mürəkkəb geosiyasi, təhlükəsizlik və beynəlxalq şərtlərdən təsirləndiyini bildirərək iddia edib:
“Azərbaycanın Qərb və İsraillə yaxınlaşma siyasəti bu ölkəni İrandan uzaqlaşdırıb və hətta İrana qarşı təbliğatının artmasına səbəb olub. Əlaqələrin möhkəmlənməsi üçün dil və etnik cəhətlərdən başqa, sivilizasiya, tarix, elm və mədəniyyət kimi daha geniş amillərə diqqət yetirilməlidir”.
O, qeyd edib ki, sadəcə “qohumbazlıq” əsasında siyasət aparmaq həm dövlətlər arasındakı real strategiyalara uyğun deyil, həm də İran üçün təhlükəli nəticələr doğura bilər.


























