Nizami rayonu, Babək prospekti 76 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Dadaşov Eldar Ağa Zəki oğluna məxsus “Sərin” şadlıq evində AQTA əməkdaşları yoxlama keçirib.
Baxış zamanı obyektdə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu, temperatur rejiminə əməl edilmədiyi, həmçinin mənşəyi məlum olmayan heyvan mənşəli məhsulların istehlaka təqdim edildiyi aşkarlanıb. Araşdırmaların davam etdiyi bildirilib.
Məsələ ilə bağlı Vətəninfo.az-a danışan “Sərin” şadlıq evinin administratoru Təvəkkül Qurbanov bildirib ki, yayılmış görüntülərdəki salatlar və digər qida məhsulları toy olmadığı üçün öncədən qalıb və həmin məhsullar heç bir halda yenidən süfrəyə verilmir: “Yeməklərdə istifadə olunan toyuğu isə birbaşa olaraq bazardan alırıq və qətiyyən broylerdən istifadə etmirik.
İstifadə olunan məhsulların aktı var, bütün sənədlərimiz qanunauyğun şəkildədir”- deyə, bildirilib.
Eyni zamanda qeyd olunub ki, müvafiq sənədlərin hər biri qaydasındadır və sertifikatları da mövcuddur.