Məlum olduğu kimi, ötən gün “Xankəndi Xindoqnı” markalı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində “Armenian Wine” (“Erməni şərabı”) yazılması mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Vətəninfo.az xəbər verir ki, “Xankəndi Xindoqnı” markalı şərabın satışını həyata keçirən “Gold Alko” MMC-nin təsisçisi və direktoru Mirdamət Mahmudov məsələ ilə bağlı Oxu.az-a açıqlama verib.
O bildirib ki, sözügedən şərablar Xocalı şəhərində ermənilərin keçmiş “Girs” şərab zavodunun istehsalıdır:
“Qarabağda qalmış məhsullar səlahiyyətli qurumlar tərəfindən müvafiq müqavilələrlə rəsmi qaydada şirkətə təhvil verilib. Həmin zavodda ümumilikdə 340 min etiketsiz butulkada şərab qalmışdı. Məhsullar müharibə zamanı ərazidən çıxarıla bilməyib və zavodun anbarlarında saxlanılıb”.
Paylaşılan məlumatlardan belə görünür ki, “Girs” zavodunda istehsal olunan şərablar “Gold Alko” MMC-yə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təhvil verilib.
Məlumat üçün bildirək ki, keçmiş “Girs” şərab zavodunda istehsal olunan məhsulları satan “Gold Alko” MMC 2022-ci ilin iyun ayında vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 5, ev 3-də yerləşən MMC-nin dövlət büdcəsinə 1 milyon 709 min 16 manat 11 qəpik vergi borcu yaranıb.
MMC-nin qanuni təmsilçisi Mirdamət Mahmudov Ağaisa oğlu eyni zamanda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2023-cü ildə keçirilən hərrac müsabiqələrində də qalib olub. Mirdamət Mahmudov Yuxarı Pirsaatçay yatağında 9 hektar ərazini 25 il müddətində istismar hüququ əldə edib. Mirdamət Mahmudov 25 il ərzində bu yataqdan 180 000 kubmetr qum-çınqıl əldə edəcək.

Maraqlı məqamlardan biri də odur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də dövlət büdcəsi qarşısındakı vergi öhdəliklərini vaxtında ödəmir. Hazırda Əmlak Məsələləri Dövlət Xidmətinin 10 milyon 64 min 528 manat 98 qəpik vergi borcu var.