image-qandal-696x375backend

“Siz İsrail casuslarısınız!” – İranda 5 nəfərə ölüm hökmü çıxarıldı

image-reklam_sirab_01

İranın şimalındakı Urmiyyə şəhərində məhkəmə iddia olunan kəşfiyyat əməkdaşlıq və İsrailin xeyrinə casusluq fəaliyyətləri ittihamı ilə 5 nəfər – 4 kişi və 1 qadın barəsində ölüm cəzası hökmü çıxarıb.

İranın kürdlər yaşayan regionlarında insan haqlarına nəzarət edən və Norveçdə mənzillənən Hengau qrupu bildirir ki, edama məhkum edilənlərdən birinin – Mənsur Rəsulinin Mossad agentləri tərəfindən dindirilməsi ötən il xəbər başlıqlarına çıxmışdı.

Azı başqa 5 nəfərə bu iş üzrə uzunmüddətli həbsxana cəzaları kəsilib.

Ötən il İsrail mediası xəbər vermişdi ki, İsrailin kəşfiyyat xidməti Mossad İranın ərazisində bir İnqilab Keşikçiləri Korpusunun üzvünü ələ keçirərək dindirib.

Bir video yayılmışdı
Bundan sonra yayılan videoda Rəsuli olduğu iddia edilən şəxs İsrailin İstanbul konsulluğunda işləyən bir əməkdaşı, eləcə də Almaniyadakı bir ABŞ generalını və Fransadakı bir jurnalisti qətlə yetirmək istədiyini etiraf etmişdi.

Xəbər verilir ki, İran və İsrail arasında pərdə arxasında davam edən münaqişə son illərdə qaynama həddinə çatıb.

Noyabr ayında yarımrəsmi Mehr agentliyi xəbər vermişdi ki, İran İsraillə əməkdaşlıq etməkdə ittiham olunan 4 nəfəri edam cəzasına məhkum edib.

Bu dörd nəfər Mossadla əməkdaşlıq çərçivəsində adamları dindirməkdə ittiham olunurdular.

Münasibətlər son aylarda daha da gərginləşib
İki ölkə arasında münasibətlər, habelə İran və dünya gücləri arasında 2015-ci il nüvə sazişinin dirçəldilməsi üçün aparılan danışıqlar dalana dirəndikdən sonra gərginləşib.

Bu saziş özünün nüvə proqramını məhdudlaşdırması müqabilində Tehran üzərindəki beynəlxalq sanksiyaların qaldırılmasına imkan verməli idi.

İran son aylarda habelə ölkəni bürümüş antihökumət etirazlarının burulğanındadır.

Tehran bu etirazların xaricdən – İsrail və ABŞ-dan, habelə Qərb ölkələri tərəfindən idarə olunduğunu iddia edir.

Bütün İran boyunca sentyabr ayından davam edən etiraz aksiyalarında 500-dən çox insan həyatını itirib.

İran rəsmiləri bu etirazların Qərbdən təşkil olunmasına dair iddialarına heç bir sübut təqdim etməyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki