image-reklam-veteninfo
image-fgaefgaegjpg-1763454336backend

Siz kimin həmkarısınız, yoldaş Məmmədov?

image-reklam-veteninfo

Bütün dünyada həmkarlar ittifaqları ciddi güc mərkəzi kimi dövlətin və cəmiyyətin istimai-ciyasi həyatında mühüm rol oynayır, vətəndaşların əmək hüquqlarının əsas müdafiəçisi qisimdə çıxış edir. Qərb ölkələrində həmkarlar hərəkatının geniş vüsət almasının nəticəsində güclü dövlətlər, sağlam, fəal cəmiyyətlər formalaşdı. Vətəndaşın elementar əmək hüququnun qorunmadığı bir ölkədə güclü cəmiyyətdən, dövlət-ictimaiyyət birliyindən danışmaq çətindir.

Azərbaycanda da Həmkarlar İttifaqları Konfederasiyası adlı bir qurum var. Təəssüf ki, biz bu Konfederasiyanın adını hər zaman qalmaqallı məsələlərdə, korrupsiya faktlarında hallanmasının şahidi olmuşuq.

Ötən il AHİK-də sədr dəyişikliyi baş verəndə – bir gün belə həmkarlar hərəkatında olmamış, bu sahədə naşı olan iqtisadçı Sahib Məmmədov sədr seçiləndə narahat olduğumuz bəzi məsələləri bu gün baş verməkdədir. Necə deyərlər, qorxduğumuz şey başımıza gəlir. İndi sizə təqdim edəcəyimiz bu faktı diqqətlə oxuyaq!

Bu günlərdə uzun müddət təhsil sahəsində çalışmış, hazırda isə təqaqddə olan təcrübəli və savadlı iki müəllim əmək hüquqlarından istifadə edərək istirahət etmək, sanatoriyalardan birində dincəlmək qərarına gəliblər. Onlar bunun üçün vaxtilə hər ay maaşlarından müəyyən məbləğ ödədikləri həmkarlar təşkilatına müraciət ediblər. Aldıqları cavab onları xeyli məyus edib. “Dincəlmək üçün müraciət edənlərin sayı çox, yerlər isə məhdud olduğundan sizin müraciətlərinizə müsbət cavab vermək mümkün deyildir”.

Görəsən, dünyanın hansısa başqa bir ölkəsində həmkarlar təşkilatı ömrünü təhsilə, savadlı gənclərin yetişməsinə həsr etmiş müəllimə belə bir cavab verərmi? Yoxsa, bu, ancaq  Azərbaycanda mümkündür?

Cənab Sahib Məmmədova qədər AHİK-ə 30 ildən artıq rəhbərlik etmiş hörmətli Səttar Möhbalıyevin dövründə də bu qurum vətəndaşların əmək hüquqlarının müdafiəsi sahəsində o qədər də yaxşı ad çıxarmamışdı. Onun dövründə də “putyovkalar” yalnız imkanlı, daydaylı şəxslərə, vəzifəlilərə paylanırdı. Sıravi işçilər isə az qala “həmkarlar” adlı bir qurumun adını yadlarından çıxarmışdılar. Onlar elə düşünürdülər ki, həmkarlar ittifaqları, “putyovkalar” yalnız sovet dövründə olub, indi yoxdur. Ümid edirdik ki, nə vaxtsa ölkəmizdə real, işlək həmkarlar təşkilatları, həmkarlar ittifaqları yaranacaq və insanlarımız yenidən normal istirahətə və ya müalicəyə göndəriləcəklər. Təəssüf ki, gözləntilərimiz özünü doğrultmadı, ümidlər puç oldu.

Müşahidələr və araşdırmalar göstərir ki, Səttar Möhbalıyevdən sonra AHİK sədri olan Sahib Məmmədov vəzifəyə gəldiyi dövrdən öz yerini bərkitmək, özünüə yeni komanda yığmaqla məşğuldur. Onun yaratdığı elektron qeydiyyat və elektron müraciət sistemi daha çox formal xarakter daşıyır. E-ahik.org platforması bu gün minlərlə, on minlərlə işçi üçün əlçatmaz olaraq qalır. Edilən müraciətlərə ya baxılmır, ya da elə cavablar verilir ki, adam müraciət etdiyinə də peşman olur.

Mətbuatda yazılanlara inansaq, hazırda AHİK-də “putyovka alverinə” vaxtilə 60 saylı məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılmış Emiliya Səfərəliyeva və sədrin yaxın adamı Elkiyar Ziyadov baxır. Bəzi saytlarda qeyd olunur ki, Elkiyar Ziyadovun 3 vəzifəsi var: sədrin müşaviri, Mədəniyyət Həmkarların sədri və Kurort Şirkətinin sədri. (Bax: https://bakunews.az/cemiyyet/25920-hemkarlar-ttifaqlari-konfederasiyasinin-putyovka-maxinasiyasi-sahib-memmedov-1-milyon-ittifaq-uzvunun-huquqlarini-nece-tapdalayir-.html)

Yayılan məlumatlarda o da qeyd olunur ki,  Sahib Məmmədov heç bir səsvermə olmadan özünün müşaviri Nigar Vahabzadəni Azərbaycan Turizm və Ekskursiyalar Şurasına sədr təyin edib. AHİK-də bu cür qalmaqallı, şübhəli təyinatlar onlarla, yüzlərlədir.

Ümumiyyətlə, son bir ildə mətbuatda AHİK-lə bağlı yayılan məlumatları oxuduqca və araşdırdıqca, ortaya ürəkbulandırıcı bir mənzərə çıxır. Kifayət qədər çirkaba bulaşmış bir qurumun vətəndaşların əmək hüquqlarını təmin edəcəyində inanmaq sadəcə sadəlövhlükdür.

Bu arada “Bakıvaxtı.az” saytı yazır ki,  AHİK növbədənkənar VIII qurultaya hazırlaşır. Qurultay dekabrın 16-da “Alov Qüllələri”ndə keçiriləcək. Qurultayda AHİK sədrinin 2024-2025-ci illərdəki fəaliyyətinə dair hesabat məruzəsi dinləniləcək, sədr seçkisi olacaq. Qeyd edək ki, bu, AHİK-in son 1 ildə ikinci növbədənkənar qurultayıdır. Belə ki, Konfederasiya 2024-cü il avqustun 26-da növbədənkənar VII qurultayını keçirib. Yuxarıda qeyd etdiyimiz kimi tədbirdə Səttar Möhbalıyev Milli Məclisin deputatı kimi işinin çoxluğunu nəzərə alaraq AHİK sədrliyindən istefa verib. Onun yerinə isə Sahib Məmmədov AHİK-in sədri seçilib.

Maraqlıdır ki, yoldaş Sahib Məmmədov bir illik fəaliyyətinə dair hesabat verərkən hansı faktları sadalayacaq? Hansı müsbət işlərini diqqətə çatdıracaq?  Təcrübəli, savadlı kadrları AHİK-dən uzaqlaşdırmasından, özünə yaxın insanları ətrafına cəmləşdirməsindən danışacaqmı? Uzun illər dövlətin müxtəlif qurumlarında çalışmış insanların istirahət və müalicə almaq üçün müraciətlərinə nə üçün rədd cavabları verildiyinə qurultayda aydınlıq gətiriləcəkmi?

Bizsə, AHİK-nin qurultayını, Sahib Məmmədovun hesabatını səbrsizliklə gözləyirik…

Nahid Canbaxışlı

Vətəninfo.az İnfirmasiya Agentliyinin  baş redaktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki