Qida zəhərlənməsi hər il milyonlarla insanı təsir edən ümumi sağlamlıq problemidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il dünyada təxminən 600 milyon insan qida zəhərlənməsi ilə üzləşir və onlardan ortalama 420 mini ölür.
Bəs qida zəhərlənməsinin səbəbi nədir? Hansı qidalar risklidir? Qida qəbul edərkən nələrə diqqət etməliyik?
Rəsmi qeydlər göstərir ki, hər il ölkəmizdə onlarla qida zəhərlənməsi faktı qeydə alınır. Xüsusilə yay aylarında artan qida zəhərlənmələri adətən bakteriya, virus və parazitlər kimi mikroorqanizmlərin və ya onların çıxardığı toksinlərin qida yolu ilə orqanizmə daxil olması nəticəsində baş verir. Qidaların düzgün saxlanmaması və hazırlanmaması, lazımi qədər bişirilməmə qida zəhərlənməsinə səbəb ola bilər.
Daxili xəstəliklər üzrə uzman həki Ferhat Çətin xəbərdarlıq edir ki, qida zəhərlənməsi sağlam insanlarda adətən ürəkbulanma və qusma kimi yüngül simptomlarla özünü göstərsə də, zəhərlənmənin dozası və xarakterindən asılı olaraq klinik mənzərə pisləşə bilər: “Zəhərlənmə xüsusilə uşaqlar, qocalar, hamilə qadınlar və immun sistemi zəif olanların həyatı üçün təhlükə yarada bilər. Dərhal müalicə olunmayan inkişaf etmiş hallarda orqanizmin susuzlaşması, böyrək çatışmazlığı və hətta ölüm kimi ciddi fəsadlara səbəb ola bilər”.
Qida zəhərlənmələrinə yay aylarında daha çox rast gəlinir. Bunun əsas səbəbi isti və rütubətli havanın mikrobların daha sürətlə çoxalması üçün münbit mühit təmin etməsidir. Piknik və manqal kimi açıq hava fəaliyyətləri zamanı gigiyena qaydalarına riayət edilməməsi, suya çıxışın məhdudlaşdırılması, qidanın ətraf mühitlə təması və isti havaya məruz qalma səbəbindən qida zəhərlənməsi riski arta bilər.
Bundan başqa, qidanın otaq temperaturunda uzun müddət qalması və soyuq zəncirinin pozulması da belə halların artmasında əhəmiyyətli rol oynayır.
Az bişmiş və ya çiy ət, toyuq və yumurta, pasterizə olunmamış süd və süd məhsulları, təravətini itirmiş dəniz məhsulları, hazırlanarkən yaxşı yuyulmayan salatlar, uzun müddət saxlanılan bişmiş düyü məhsulları, tərkibində qaymaq və ya mayonez olan xəmir məmulatları qida zəhərlənməsinin əsas səbəblərindəndir.
Qida zəhərlənməsinin simptomları zəhərlənməyə səbəb olan mikroorqanizmdən və fərdin immun sistemindən asılı olaraq dəyişir. İlk simptomlara adətən qarın ağrısı, ürəkbulanma və qusma daxildir. Sonrakı mərhələlərdə ishal, qızdırma, baş ağrısı, əzələ ağrıları, ümumi zəiflik müşahidə edilə bilər.
İstehlak edilən qidanın tərkibindəki mikroorqanizmlərin növündən və miqdarından asılı olaraq, simptomların görünmə müddəti bir neçə saatdan bir neçə günə (adətən 6-48 saat) qədər dəyişə bilər.
Bəzi nadir hallarda bu müddət daha uzun ola bilər.Musavat.com