image-1695878740-1cf14ec8-9aed-4cb2-afac-4dfcdb1e2364backend

Söz və ifadə azadlığı – Gülər Mübariz yazır

image-reklam_sirab_01

Söz və ifadə azadlığı “insanın sərbəst düşüncə və məlumatlara sahib ola bilməsi, fikrindəki düşüncə və qənaətlərdən dolayı qınanmamaq və fikirlərini çeşidli yollarla müstəqil şəkildə açıqlaya bilmək, müdafiə etmək, eləcə də başqalarına ötürərək yaya bilmək”anlamına gəlir.

Söz azadlığının həvəslə, nöqtə-vergülünə kimi əzbərlədiyimiz tərifini əldə tutaraq hərəkət etdikdə ,görəsən, mahiyyətin nə olduğunu, bunun qarşımızdakı hər kəsə aid olduğunu dərk edə bilirikmi?

Düşüncə azadlığı insan şərəfini qorumaq və insanın maddi-mənəvi varlığını inkişaf etdirmək kimi onun əsas hüquqlarından sayılır. Bu özgürlük azad şəxsiyyət olmağın və müstəqil cəmiyyətdə yaşamağın ən vacib elementlərindən birini təşkil edir. Çünki, ifadə azadlığını insan ve düşüncə qavramları ilə birlikdə dəyərləndirdikdə əslində onun bütün azadlıqların təməlində dayandığını görmək olur.

Demokratik bir hüquqi dövlətin vətəndaşı olaraq söz azadlığının,ifadə özgürlüyünün nə olduğunu və onun məsuliyyətini anlatmaq bu gün bir çoxlarına əhəmiyyətsiz gələ bilər.

Mövzunun məqsədi təbii ki, bu deyil. Əgər fikir azadlığının nə olduğunu dərk ediriksə, tam anlamıyla hüquqi dövlətdən bəhs edildiyini nəzərə alaraq hər özgürlüyün bir məsuliyyəti və dolayısı ilə hüquqi sərhəddi olduğunu da mütləq şəkildə qəbul etməliyik. Bu səbəbdən də ifadə və fikir azadlığının da bəlli bir çərçivəsinin mövcudluğu başa düşülməli , bu çərçivənin də hüquq müstəvisində olduğu qəbul edilməlidir.

Yəni, öz fikrini ifadə etmək azadlığı demokratik cəmiyyətin əsas xüsusiyyətlərindən biri olsa da, bu azadlıq fərdlərin bilmək istədikləri hər şeyi yazmaq, anlatmaq, şərh etmək hüququna malik olması kimi şərh edilə bilməz.

Söz azadlığının çərçivəsini tam olaraq şərh etdiyimizdə milli təhlükəsizliyin, ərazi bütövlüyünün, ictimai təhlükəsizliyin qorunması, cinayətin törədilməsinin qarşısını almaq, sağlamlığı və ya mənəviyyatını qorumaq, başqalarının nüfuzunu və hüquqlarını qorumaq, məxfi məlumatların yayılmasının qarşısını almaq üçün onun zəruri olan müəyyən rəsmiyyətlərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala biləcəyini nəzərə çatdırmaq lazımdır.

Dövlət sirri kimi qanuni qaydada elan edilmiş məlumatların açıqlanmaması, başqalarının nüfuzunun, hüquqlarının qorunması, onların şəxsi və ailə həyatı və ya qanunla nəzərdə tutulmuş peşə sirləri,eləcə də məhkəmə vəzifəsinin lazımi qaydada yerinə yetirilməsi məqsədləri ilə söz azadlığının məhdudlaşdırıla biləcəyini hər bir Azərbaycan vətəndaşı bilməlidir.

Mətbuatda, nəşriyyatda əməl etməli olduğumuz bu qaydalar bizi söz azadlığından məhrum etmir, əksinə, bizi haqlarımızı bilən, hüquqlarımızı dərk edən və Azərbaycan Respublikasının qayda-qanunlarına riayət edən bir fərd kimi formalaşdırır. Yəni, bu qanunun varlığı hüquqların uzlaşdırılmasını, onlardan istifadəni məhdudlaşdırmır, hüquqlardan heç birinin mahiyyətinə xələl gətirməmək üçün balansı saxlamaqla onlardan düzgün istifadə oluna bilməsini təmin edir.

Azad və müstəqil media “ictimai nəzarətçi” rolunu yerinə yetirir, ictimaiyyəti məlumatlandırır. Bütün media işçiləri, sosial şəbəkə istifadəçiləri bu azadlığın ideyaları və fikirləri təhrif edərək deyil, dəqiq, qərəzsiz və vicdanlı şəkildə yayılmalı olduğunu unutmamalıdırlar.

Təbii ki, bu hüquqların içində məlumat və ideyaları sərbəst toplamaq, şərh vermək və tənqid etməklə onları çoxaltmaq, sərbəst şəkildə dərc etmək və yaymaq hüququ vardır. Bu hüququnu bilən hər bir vətəndaş onun digər məsuliyyətli və hüquqi tərəfini də dərk edib riayət etməlidir.

Əgər cəmiyyətin nə dərəcədə sivil olduğunu müəyyən etmək istəyiriksə, ilk növbədə orada ifadə azadlığının nə dərəcədə mövcud olduğuna baxmaq lazımdır. İfadə azadlığı düzgün qiymətləndirilməzsə, doğru təsvir olunmazsa; başqalarının haqlarını pozan, nifrəti yayan və müxtəlif ayrı-seçkiliyi, şiddəti körükləyən ifadələr, fikirlər təlqin edərsə, o zaman beynəlxalq hüquqa uyğun olaraq qanuni şəkildə məhdudlaşdırıla bilər. Bu məhdudlaşdırılma doğru məqsəd yönündə olduğuna dair hər hansı şübhəyə yer verməyəcək qədər ölçülü olarsa, bu zaman heç bir söz azadlığının pozulmasından söhbət gedə bilməz.

Öz hüquqlarını qoruyan, tələb edən bütün şəxslər qarşısındakının da haqlarına hörmət etməli, paylaşım edərkən, fikir bildirərkən bütün sətirləri qanun nizam-tərəzisində, eləcə də öz vicdan çərçivəsində ölçməlidirlər.
Bütün bunların dərk edilməsi və doğru aşılanması cəmiyyətdə mədəni və sivil mətbuatın, sağlam düşüncənin yaranması deməkdir. Belə ki, sağlam formalaşan və peşəkar fəaliyyət göstərən mətbuatın cəmiyyətin həyatında rolu əhəmiyyətli dərəcədə böyükdür.

Bunu təmin edən bütün peşəkarların eyni amal üçün çalışdıqlarından əminəm; güclü və sağlam cəmiyyət, xoşbəxt gələcəyimiz naminə-Güc birlikdədir.

Ekspert-yazar Gülər Mübariz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki