Vətəninfo.az xəbər verir ki, Suriyada, hökumət qüvvələri ilə PKK/YPG terrorçuları arasında Deyr Hafir ətrafında zaman-zaman silahlı qarşıdurmalar baş verir. Məlumatlara görə, PKK/YPG terror təşkilatı ölkənin cənubundakı Süveyda vilayətində baş verən döyüşlər zamanı işğal altında saxladıqları Rəqqa vilayətindən Deyr Hafir bölgəsinə silah və canlı qüvvə göndərib.
Şam rejimindən PKK/YPG-yə sərt cavab
Digər tərəfdən, Suriya hökumət rəsmisi dövlətə məxsus “Əl-İhbariyyə” telekanalına verdiyi açıqlamada, PKK/YPG-nin Suriya ordusuna ayrıca hərbi blok şəklində inteqrasiya olunmaq istəyini qəbul etməyəcəklərini bildirib. Hökumət rəsmisi bildirib ki, SDQ (Suriya Demokratik Qüvvələri) adı altında fəaliyyət göstərən PKK/YPG ilə ölkənin şimal-şərqinin inteqrasiyası ilə bağlı aparılan danışıqlarda əsas məqsəd “milli birlik”dir.
O, həmçinin vurğulayıb ki, “müstəqil kimlik” çağırışları və separatçı meyillər vətəndaşlıq prinsipinə ziddir və Şam rejimi bu cür tələbləri heç bir halda qəbul etməyəcək.
“Orduya silahlı blok kimi daxil ola bilməzlər”
Rəsmilər, PKK/YPG-nin silahı buraxmaqdan imtina etməsi və milli orduya silahlı blok kimi daxil olmaq niyyətini sərt şəkildə rədd ediblər. Bu cür yanaşmaların vahid ordu quruculuğu prinsiplərinə tamamilə zidd olduğunu bildiriblər.
Suriya hökuməti qeyd edib ki, ölkədə davamlı siyasi həll yalnız dövlət çətiri altında birləşmə və Suriya ərazi bütövlüyünün qorunması əsasında mümkündür. Bu isə yalnız ilkin şərtsiz, silah təhdidindən uzaq və səmimi milli dialoq yolu ilə həyata keçirilə bilər.