2024-cü il dekabrın 8-də Suriyada hakimiyyət dəyişikliyindən bəri təxminən 550.000 suriyalı qaçqın Türkiyədən könüllü olaraq vətənlərinə qayıdıb.
Türkiyə mətbuatı xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sərhədyanı Kilis vilayətinə səfəri zamanı bildirib.
Nazirin sözlərinə görə, 2016-cı ildən bəri Türkiyədən Suriyaya 1,29 milyon insan qayıdıb.
“Əsas prioritetimiz suriyalı qardaşlarımızın ləyaqətli və təhlükəsiz qayıtmasını təmin etməkdir”, – Yerlikaya qeyd edib.
O, Suriya münaqişəsinin başlanğıcından Türkiyənin humanitar prinsipləri və qaçqınların hüquqlarına hörmətlə yanaşmasını rəhbər tutduğunu vurğulayıb.
“Ankaranın qeyri-qanuni miqrasiyaya yanaşması bütün dünya üçün nümunəyə çevrilib”, – nazir əlavə edib.


























