image-33jpg-1690190933backend

Şuşa Qlobal Media Forumu Azərbaycanın möhkəmlənən mövqeyinin təqdimatı oldu

image-reklam_sirab_01

“Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda keçirilən Şuşa Qlobal Media Forumunda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu iştirak etdi. Həmçinin Foruma 60 yerli media rəhbəri və nümayəndəsi qatıldı. İştirakçıların, həmçinin onların təmsil etdikləri ölkələrin say tərkibi tədbirin beynəlxalq əhəmiyyəti barədə aydın təsəvvür yaradır. Cənab İlham Əliyevin forumdakı çıxışı, iştirakçıların çoxsaylı suallarına cavabı bir daha tarixi həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının, müasir dövrün çağırışlarının və onların düzgün cavablandırılması yollarının təqdimatı oldu. Dövlət başçısı İlham Əliyevin çıxışının mahiyyətində Azərbaycanın, regionun gələcəyi ilə bağlı hədəflər dayandı. Ölkə Prezidenti bildirdi ki, prinsip etibarilə strateji inkişaf istiqamətləri bir çox illər bundan əvvəl müəyyən edilmişdir. Yeganə məqam odur ki, həyat öz dəyişikliklərini əlavə edir və dəyişən reallıqları planlarımıza inteqrasiya etməli oluruq. İşğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlər ön planda dayanır. Çünki Azərbaycanda siyasi proseslər düzgün istiqamətdə gedir. Cəmiyyətdə gələcəyimizin əsas məsələləri üzrə konsensus var. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Ermənistanla münasibətlərin tənzimlənməsində sülh müqaviləsinin imzalanmasına nail olsaq, ümumiyyətlə, Cənubi Qafqazda vəziyyət sağlamlaşacaq və yüksək risk zonasından çıxmış olacaq. Münasibətlərin normallaşması həm Azərbaycan, həm də Ermənistan iqtisadiyyatı üçün daha genişmiqyaslı planların gerçəkləşdirilməsinə imkan verəcək.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov qeyd edib ki, sual-cavab formatında keçirilən Forum tarixi həqiqətlərə işıq salaraq ölkəmiz barədə dolğun məlumatın əldə edilməsində zəngin mənbə olacaq: “Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, forum iştirakçıları üç saata yaxın davam edən müzakirələr sayəsində ölkələrinə çox yaxşı nəticələrlə qayıdacaq. Cənab İlham Əliyevin söylədiyi hər bir fikir, gündəmə gətirdiyi hər bir məsələ, irəli sürdüyü təklif gələcək üçün bir ideya, istiqamətdir. Bütün dövrlər üçün informasiya mübarizəsinin vacibliyini nəzərə alsaq belə tədbirlərin, daha dəqiq desək, beynəlxalq miqyas alan forumların keçirilməsi mütləqdir. Dövlət başçısı İlham Əliyevin bu forumun müntəzəm olaraq keçirilməsini və buna birinci Şuşa Qlobal Media Forumu adının verilməsini təklif etməsi də bu məqsədə xidmət edir.”

Millət vəkili onu da əlavə edib ki, forum Azərbaycanın hazırkı inkişaf modelinin dünyaya təqdimatında öz sözünü deyəcək: “Belə ki, tədbirdə dövlət başçısı İlham Əliyev Azərbaycanın iqtisadi imkanlarından, sülh və yeni əməkdaşlıq çağırışlarından, hazırkı dövrün əsas hədəfləri olan Böyük Qayıdış proqramının uğurlu icrasından və hərbi gücümüzün artırılmasının prioritetliyindən geniş bəhs etdi. Bu məqam da xüsusi vurğulandı ki, Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar dünya gücləri tərəfindən qəbul olunur. İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib. Getdikcə daha çox sayda bəyanatlar eşidilir ki, Qarabağ Azərbaycanın ərazisidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı.”

Malik Həsənov hazırkı dövrün əsas çağırışı olan sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycan tərəfinin göstərdiyi səylərin, üzərinə düşdüyü öhdəlikləri yerinə yetirməsinin qarşısında Ermənistanın konkret mövqe ortaya qoymamasına xüsusi diqqət yönəldib: “Dövlət başçısı İlham Əliyevin forumdakı çıxışı özündə mühüm mesajları, çağırışları ehtiva edir. Hazırda danışıqlar masasında əsas məsələlərdən biri Ermənistanın rəsmi olaraq Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Ermənilər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, digər tərəfdən də deyirlər ki, Qarabağdakı erməni icması da sülh danışıqlarına hər hansı bir şəkildə daxil edilməlidir. Bu məsələ mümkünsüzdür. Cənab İlham Əliyevin “Ermənistan Qarabağda yaşayan erməni əhalisinin hüquqları haqqında danışırsa, biz Zəngəzurda və Göyçədə, İrəvanda azərbaycanlıların hüquqları haqqında danışmalıyıq və bu, qarşılıqlı şəkildə olmalıdır” çağırışı qarşı tərəfi ciddi düşündürməlidir.”

Azərbaycanın hər bir hədəfə zamanında nail olduğunu önə çəkən Malik Həsənov bildirib ki, atılan hər addım əvvəlki addımın məntiqi davamı olub: “Xalqımızın və dövlətimizin vahid hədəfləri var. Bu hədəflərə nail olmaq üçün strateji yol xəritələri təqdim edilir. Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycanın əsas çağırışlarından biri hadisələrə real baxmaqdır. Forumda bu mühüm məqam xüsusi qeyd edildi ki, beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki