Tayvanda çip istehsalı nəhəngi olan “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) şirkətinin üç əməkdaşı 2 nanometrlik qabaqcıl çip texnologiyasına dair kommersiya sirlərini oğurlamaq ittihamı ilə saxlanılıb.
“Focus Taiwan” xəbər agentliyinin yerli prokurorluğa istinadən yaydığı məlumata əsasən, “TSMC” daxilində məxfi sənədlərə qeyri-adi giriş cəhdləri qeydə alınıb. Şirkət bu şübhəli fəaliyyəti aşkar etdikdən sonra məsələni hüquq-mühafizə orqanlarına ötürüb.
Hadisə bu texnologiyaya qeyri-qanuni girişin ilk nümunəsi kimi qeydə alınıb. Hazırda prokurorlar hadisənin motivlərini və gələcəkdə ola biləcək sızmaların qarşısını almaq üçün araşdırmalar aparır.
Bu hadisə ABŞ prezidenti Donald Trampın “CNBC” telekanalına verdiyi müsahibəsindən sonra yaşanıb. “Tayvan gəlir və Arizona ştatında çiplər və yarımkeçiricilər üçün dünyanın ən böyük zavodunu inşa etmək məqsədilə 300 milyard dollar xərcləyir”, – deyə D.Tramp müsahibəsində bildirib.
Qeyd edək ki, əgər bu plan təsdiqlənsə, Tayvan şirkətinin ABŞ-da daha öncə açıqladığı sərmayə məbləği təxminən iki dəfə artmış olacaq.
Lakin “TSMC” bu iddianı təsdiqləməyib və bundan sonra şirkətin səhmləri avqustun 6-da (bu gün) ucuzlaşıb.
Xatırladaq ki, “TSMC” bu ilin mart ayında verdiyi açıqlamada ABŞ-dakı investisiyasını 165 milyard dollara qədər artıracağını və bununla da süni intellektin inkişafını dəstəkləyəcəyini bəyan etmişdi. Bu açıqlama Tayvan və Amerika arasında gömrük tarifləri ilə bağlı danışıqların davam etdiyi bir vaxtda səsləndirilmişdi.