image-1backend

Tereşkova və Nikolayev: Məşhur kosmik cütlüyün ailə dramı

image-reklam_sirab_01

Üçüncü Sovet kosmonavtı, ilk dəfə açıq kosmosda skfandrsız çalışmış, iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş Andrian Nikolayev milliyyətcə çuvaş türkü idi. Mən bunu nə üçün xüsusi vurğulayıram? Məsələ burasındadır ki, Nikolayev bütün rəsmi sənədlərdə rus deyil, məhz çuvaş olduğunu xatırladırdı. Həmyerliləri onun çuvaş dilində təmiz danışdığını söyləyirlər. Məsələ həm də burasındadır ki, o, öz doğulduğu yerdə- Çeboksarı şəhərinin yaxınlığındakı Şorsu (Şorşu, və yaxud Şorşelı-Şorsulu) kəndində dəfn olunmuşdur. Bu barədə az sonra…
Təbii ki, niyyətim heç də məşhur kosmonavtın bioqrafiyasını yada salmaq deyildir. Bu barədə istənilən ensiklopediyalarda və məlumat kitablarında kifayət qədər məlumat var. Çoxunuzun bildiyiniz kimi, Andrianın həyat yoldaşı Valentina Tereşkova heç də öz ərindən az məşhur deyildir. Dünyaca məşhur cütlük özlərinin ən coşqun və şöhrətlərinin ən pik nöqtəsində ailə qurublar. 1963-cü ilin payızında baş tutan toyda SSRİ-nin o zamankı rəhbəri Xruşşov və Baş konstruktor Korolyov iştirak edirdi.

Evliliyin ilk günləri hər şey qaydasında idi. Andrian öz xanımından çox razı idi. Tezliklə, 1964-cü ildə onların Yelena adlı bir qızları dünyaya gəldi. Lena dünyada tək bir qız idi ki, valideyninin hər ikisi kosmonavt idi. Ötən əsrdə yaşayanların, yaşı həmin dövrü görməyə imkan verənlərin yaxşı yadında olar: belə bir şayiə dolaşırdı ki, kosmonovtların əcaib-qəraib, altı barmaqlı, üç gözlü… uşağı dünyaya gəlib. Əslində isə Lena normal bir uşaq idi- yaraşıqlı, qaraşın, gülərüz… O, anasından daha çox, atasına bənzəyirdi…

Dediyimiz kimi, ilk illər zahirən ailə xoşbəxt idi. Amma sən demə batində görünməz fırtınalar varmış. Belə ki, Andrian əvvəllər öz arvadı Valentina haqqında eşitdiyi söz-söhbətə çox da əhəmiyyət vermirdi. Axı məşhur adamlar haqqında şayiə uydurmaq köhnə işdir. Amma sən demə, məşhur ərin eşitdikləri heç də uydurma deyilmiş. Belə ki, xanım Tereşkova tanınmış həkim, tibbi xidmət general-mayoru, evli-ailəli Yuliy Şapoşnikovun məşuqəsi imiş. Nikolayev bu zaman arvadının nədən belə tez-te “xəstələnib” həkim yanına getməsinin fərqinə vardı. O, “faktları” dəqiqləşdirəndən sonra Tereşkova ilə kəskin söhbət etməli oldu. Təbii ki, Valentina əvvəlcə deyilənləri inkar etdi. Təkzibolunmaz faktlar qarşısında qalan qadın “təslim” olmaq istəməsə də, az sonra öz “kredosunu” açıqladı. Onların nikahı pozuldu. Andrian çemodanını götürüb evdən birdəfəlik getdi. Hökmlü və iddialı Tereşkova öz keçmiş məşuqunu ailəsindən ayırıb onula rəsmi nikaha girdi. Adətən kosmonavt xanımdan soruşanda ki, “ərindən nə üçün ayrıldın?”, o, belə cavab verirdi: “Ərim işdə mələk, evdə tirandır”.
Lena atalığının himayəsində böyüdü. Məsələ burasındadır ki, Tereşkova tezliklə qızının soyadını dəyişdirərək öz adına “keçirdi”, yəni kosmonavtların övladı Yelena Tereşkova kimi böyüdü. Üstəlik “ulduz xəstəliyinə” mübtəla olmuş, “çayka” ləqəbli Valentina öz qızına atası ilə görüşməyi də qadağan etdi. Möhkəm bədənli və iradəli Andrian əsəbdən xəstələndi, infarkt keçirtdi.

Bəzən deyirlər ki, Tereşkova ilə Nikolayev Nikita Xruşşovun təhriki və ya məsləhəti ilə ailə qurub. Bu, yalan söhbətdir. Amma maraqlı burasıdır ki, 1982-ci ildə kosmonovtların ailəsi dağılanda Valentina bu barədə Leonid Brejnevə “dərdini açıb” demişdi…
Ana ilə qız arasında da kəskin ixtilaf vardı. Yelena sevdiyi oğlana, İqor Mayorov adlı gənc təyyarəçiyə qoşulub qaçdı. Tereşkova öz kürəkənini cəzalandırmaq istəsə də buna nail ola bilmədi. Çünki İqorun atası Aleksey Mayorov uzun illər boyu Berejnev, Andropov, Çernenko və Qorbaçovun şəxsi pilotu olmuşdu. Necə deyərlər daş qayaya rast gəlmişdi. Nəticədə ilk kosmonavt qadın uzun illər nəinki qızını və kürəkənini danışdırmadı, hətta nəvəsi Alekseyin üzünü 5-6 yaşınacan görmədi, daha doğrusu görmək istəmədi.

Tezliklə Yelena da öz anasının yolu ilə getməyə başladı. Belə ki, bu xanım qız gizlicə başqa bir kişi ilə, evli-ailəli təyyarəçi ilə sevgi yaşamağa başladı. Onun sevgilisi “ailə dostu” Andrey Rodionov idi. O da pilot idi. Arada əri İqor uçuşda olanda “ailə dostu” Andrey onlara gəlirdi. Günlərin bir günü evin kişisi İqor uzunmüddətli ezamiyyətdən qayıdanda 3-4 yaşlı oğlu Aleksey ona dedi: “Papa, sən evdə olmayanda Andrey əmi anamla sənin yatağında birgə yuxulayırlar”.
Az sonra İqor Mayorov da qaynatası kimi arvadından ayrıldı. Tezliklə Yelena Andrey Rodionov ilə rəsmi nikaha girdı… və o da anası Valentina kimi uşağının atası ilə görüşməyinə qadağa qoydu. Onların bir uşağı dünyaya gəldi: onun da adını Andrey qoydular.
Yeni kürəkən hiylə yolunu seçdi. Ana-bala Tereşkovaları barışdırdı. Qaynanasının qılığına girəndən sonra onun işləri yaxşı getməyə başladı. Çox gümün ki, onun övladları Tereşkovanın gələcək varisləri, miras sahibləri olacaq…

…Hə, orasını da deyək ki, Andrian Nikolayev arvadı Valentinadan ayrıldıqdan sonra bir daha evlənmədi. Onunla qonşuluqda yaşayan “Kosmonavtlar şəhərciyinin” sakinləri deyirdilər ki, Andrian mənzilini özü yığışdırır, sil-süpür edir, tənha yaşayırdı. O, tərki-dünya zahid həyatı sürməsə də, daim fikirli və qayğılı idi. O, bir zamanlar Valentinanı çox sevmişdi…

Andrian Nikolayev 2004-cü il 3 iyul tarixdə öz vətənində- Çeboksarıda keçirilən idman yarışlarında tədbirin baş hakimi kimi iştirak edirdi. Kosmonavt ürəktutmasından gözünü əbədi yumdu. Onu beşinci dəfə infarkt vurmuşdu. Onun nəşini Moskvaya aparıb orada Ulduz şəhərciyində, ölən kosmonavtların yanında dəfn etmək istəyirdilər. Lakin həmyerlilərinin təkidli tələbi və Çuvaçiyanın ilk prezidenti Nikolay Fyodorovun qətiyyəti sayəsində Andrian Qriqoryeviç Nikolayev öz doğulduğu kənddə torpağa tapşırıldı. Bu da ibrətamiz bir hadisədir. Bəzi məmləkətlərdə ölən şəxsin məşhur məzarlıqlarda, “adlı-sanlı” adamlar arasında dəfn olunması uğrunda mübarizə aparanlar olur…
İndi məşhur çuvaş oğlunun məzarı ziyarətgaha çevrilib. Şorsu kəndinə gələnlərin sayı günbəgün artmaqdadır. (Özümə söz vermişəm ki, o tərəflərə yolum düşsə kosmonavtın qəbrinə baş çəkəcəm-F.M.)

Şorsuda kosmonavtın xatirəsinə ucaldılmış memoriala gələnlərin sayı-hesabı bilinmir. Orada muzey də fəaliyyət göstərir.
…Valentina Tereşkova həm ictimai işlərdə fəallıq göstərir, həm də boş vaxtını nəvələri ilə keçirir. Ona bütün rəhbərlər, o cümlədən Putin ehtiram göstərib. Uzaq keçmişdə kosmosa uçarkən bu cazibədar qadını az qala sovetlərin bütün kişiləri sevirdi. İndi isə onu yalnız yaxın ətrafı və özü sevir.

Firuz Mustafa


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki