ABŞ Prezidenti Donald Tramp Rusiyayla Ukrayna arasında müharibəni bitirmək cəhdlərindən məyusdur. O, əvvəlcə hesab edirdi ki, sadə bir razılaşma ilə – Rusiyanın əldə etdiyi əraziləri tanımaq və ölkənin iqtisadi maraqlarını təmin etmək yolu ilə münaqişəni bitirmək mümkün olacaq. Lakin The Atlantic yazır ki, Tramp Vladimir Putinin Ukraynanı məhv etmək istəyinin dərinliyini və onu kompromisə məcbur etməyin nə qədər çətin olduğunu tam anlamayıb.
Nəşrin məlumatına görə, Tramp son vaxtlar danışıqlarda taktikanı dəyişməyə çalışıb. O, Putinə Ukraynaya uzaqmənzilli “Tomahawk” raketləri verə biləcəyini bildirib, eyni zamanda Vladimir Zelenskiyə müəyyən ərazi güzəştlərinə getməyi təklif edib. Lakin hər iki təşəbbüs nəticəsiz qalıb. Daha sonra Tramp Rusiya prezidenti ilə planlaşdırılan sammiti də ləğv edib və belə deyib:
“Biz razılığa gələcəyimizə əmin olmalıyıq. Mən vaxtımı itirmək istəmirəm. Putinlə əvvəllər çox yaxşı münasibətlərim olub, lakin bu dəfə böyük bir məyusluq yaşadım.”
Tramp administrasiyasındakı yüksək vəzifəli rəsmilər bildiriblər ki, “tərəflər daha realist olsaydı, sülhə çox yaxınlaşmaq mümkün idi.” Lakin The Atlantic qeyd edir ki, münaqişə “sadə ərazi razılaşması” kimi görünmür. Ukrayna təhlükəsizlik təminatları istəyir, Rusiya isə Donbasın tam nəzarətini ələ keçirmək niyyətindədir – bu isə kompromis üçün çox az yer buraxır.
Məqalədə vurğulanır ki, Putin üçün müharibənin yüksək qiyməti onun baxış bucağında haqlıdır, çünki bu, Ukraynanın gələcəkdə güclənməsinin qarşısını alır.
“Putin sanksiyaların artması və ya Ukraynanın dərin zərbələr endirməsi səbəbindən fikrindən dönməyəcək. Rusiya hələ də Zelenskinin qəbul edə bilməyəcəyi tələblər irəli sürür — ərazilərdən imtina və Ukraynanın demilitarizasiyası kimi,” – deyə The Atlantic yazır.
Nəşr qeyd edir ki, Tramp yaxın aylarda müharibəni bitirə bilməyəcək, lakin o, gələcəkdə uğurlu danışıqlara zəmin yarada biləcək hərbi və diplomatik şəraitin formalaşdırılmasına başlaya bilər.
Trampın əsas məqsədi Ukraynanı Putini inandırmağa dəstəkləmək olmalıdır ki, Rusiyanın cəbhədə qalib gəlmək üçün heç bir real imkanı yoxdur.
Ukraynanın sabiq müdafiə naziri Andrey Zaqorodnyuk bu yanaşmanı “strateji neytrallaşdırma” adlandırır: məqsəd Rusiyanın quruda, dənizdə və havada hücum imkanlarını tam iflic etməkdir.
The Atlantic xatırladır ki, bir il əvvəl Ukrayna insan resurslarının çatışmazlığı ilə üzləşmiş, Kursk vilayətinə hücumdan sonra həddindən artıq gərginlik yaşamışdı. Rusiya ordusu yavaş irəliləsə də, böyük itkilər verirdi. 2025-ci ilin mayında Moskva yenidən genişmiqyaslı hücum əməliyyatı həyata keçirdi, lakin nəticə uğursuz oldu.
Hazırda Rusiya ordusunun itkilərinin artması cəbhə xəttinin xarakteri ilə əlaqədardır. Əvvəllər ordu təbii baryerlərdən müdafiə məqsədilə istifadə edirdisə, indi dronların nəzarət etdiyi açıq zərbə zonasında hərəkət edən istənilən obyekt bir neçə dəqiqəyə məhv edilir.
“Hər iki tərəf dronlardan istifadə edir, lakin bu texnologiyalar ən çox Ukraynaya fayda verir. Kiyev insan və artilleriya çatışmazlığını məhz pilotsuz uçuş aparatları ilə kompensasiya edir,” – deyə nəşr qeyd edir.
The Atlantic hesab edir ki, Trampın məqsədi Ukraynanın müharibəni qazanmasına yardım etməkdən çox, öz diplomatik nüfuzunu artırmaq və sülh sazişinə nail olmaqdır.
Nəşr yazır ki, Tramp bu məqsədlə qlobal sülh sammiti çağıraraq digər ölkələrə təzyiq göstərə bilər ki, onlar dərhal atəşkəsin elan edilməsinə razılıq versinlər.
“Bu təşəbbüs Putinin əlavə ərazi tələblərinin və Ukraynanın demilitarizasiyası şərtlərinin absurdluğunu üzə çıxarar. Çin kimi Rusiya müttəfiqləri belə, açıq şəkildə bu mövqeni müdafiə etməkdə çətinlik çəkərdilər,” – deyə məqalədə qeyd olunur.
The Atlantic yazır ki, belə bir sülh təşəbbüsü Ukraynaya mənəvi üstünlük qazandıra və ağır qış aylarında ölkənin möhkəmlənməsinə təkan verə bilər.
Nəşr yekun olaraq vurğulayır ki, Ukraynada müharibə ani bir diplomatik qələbə ilə bitməyəcək. Lakin Trampın atacağı ardıcıl addımlar və müəyyən səbir münaqişənin gələcəkdə həlli üçün real şərait yarada bilər — elə bir həll ki, bu, Ukraynanın məhvini və Rusiyaya tabeçiliyini nəzərdə tutmur.


























