Sky News analitiki Maykl Klark ABŞ-ın Ukraynaya Tomahawk raketləri tədarük etməsi halında, bu silahların müharibənin gedişatına güclü təsir göstərə biləcəyini bildirib.
Klark vurğulayıb ki, Tomahawk raketləri yüksək dəqiqliyi ilə seçilir və az sayda raket belə qarşı tərəfə ciddi zərər verə bilər:
“Onlar sürətli deyil — saatda təxminən 550-600 mil (885–965 km/saat) sürəti var — lakin çox dəqiqlidirlər.”
“Bu tip raketlər çox alçaq hündürlükdə uçurlar və aşkar olunmaları asan deyil.”
Analitikin sözlərinə görə, Tomahawkları müxtəlif istiqamətlərdən idarə etmək mümkündür: inerasional naviqasiya, GPS əsaslı istiqamətləndirmə, eləcə də yerin relyefinə uyğun uçuş traektoriyaları. Bu üsullar onların müdafiə sistemləri tərəfindən qarşısının alınmasını çətinləşdirir.
Klark əlavə edib ki, ABŞ-ın raketlərin yeni versiyasını yerdən atışı mümkün olan model kimi hazırladığı bilinir. Ukraynanın donanma və sualtı gəmiləri olmadığı üçün, onun fikrincə, gələcəkdə verilə biləcək Tomahawklar məhz yerdən başlanan növlər olacaq.