Vətəninfo.az xəbər verir ki, İsrail mətbuatının məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu gün – oktyabrın 13-də səhər saatlarında İsrailə səfər edib.
Ben-Qurion hava limanında Trampı İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu və onun həyat yoldaşı Sara Netanyahu qarşılayıblar. Həmçinin Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff, kürəkəni Cared Kuşner və qızı İvanka da qarşılayanlar arasında olub.
Amerikalı liderin səfəri Qəzza zolağında girovların azad edilməsi prosesinin başlanması ilə eyni vaxta təsadüf edib.
Protokola zidd olaraq, Tramp qarşılama mərasimindən sonra Netanyahunu və onun həyat yoldaşını öz maşınına dəvət edərək onları Qüdsə aparıb.
Günün ikinci yarısında İsrail parlamentində – Knessetdə görüşlər planlaşdırılıb. Tramp girov ailələri ilə bir araya gələcək və plenar iclasda ABŞ Prezidenti, İsrailin Baş naziri, Knessetin spikeri və müxalifət lideri çıxış edəcəklər.
Trampın səfəri qısa olacaq – o Qəzza ilə bağlı razılaşmanın imzalanma mərasimində iştirak etmək üçün Misirin Şarm əl-Şeyx şəhərinə yola düşəcək.