ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Nikolas Maduro ilə keçirdiyi qısa telefon danışığından sonra Venesuela liderinin ölkəni ABŞ təminatlı təhlükəsiz keçidlə tərk etməsi üçün imkanları xeyli azalıb.
Bu barədə “Reuters“ öz mənbələrinə istinadən məlumat yayıb.
Agentliyə danışan dörd mənbənin bildirdiyinə görə, Tramp söhbət zamanı Maduronun bir sıra tələblərini rədd edib.
Mənbələrə əsasən, 15 dəqiqədən az davam edən telefon danışığında Tramp Maduroya Venesuelanı ailəsi ilə birlikdə bir həftə ərzində tərk etməli olduğunu bildirib və istənilən ölkəni seçə biləcəyini vurğulayıb. Bu müddət 28 noyabrda başa çatıb. Bunun ardınca Tramp 29 noyabrda “Truth Social” platformasında paylaşım edərək, “bütün aviaşirkətlərin, pilotların, narkotik və insan alverçilərinin” Venesuela üzərində və ətrafında hava məkanını “tamamilə bağlı” hesab etməli olduqlarını qeyd edib.
“Reuters“ yazır ki, Maduro telefon danışığında ölkəni tərk etməyə hazır olduğunu bildirib, lakin bunun üçün tam hüquqi amnistiya, bütün ABŞ sanksiyalarının ləğvi, həmçinin ona qarşı Beynəlxalq Cinayət Məhkəməsində aparılan prosesin dayandırılmasını tələb edib. O, ABŞ sanksiyalarının 100 Venesuela rəsmisi üçün də aradan qaldırılmasını istəyib. Bundan əlavə, yeni seçkilərə qədər keçid hökumətinə hazırkı vitse-prezident Delci Rodrigezin rəhbərlik etməli olduğunu vurğulayıb.
Mənbələrin sözlərinə görə, Tramp Maduronun tələblərinin böyük əksəriyyətini rədd edib. Buna baxmayaraq, Maduroyun Venesuelanı tərk etməsi ilə bağlı danışıqların davam etdirilə biləcəyi istisna olunmur.

























