ABŞ Prezidenti Donald Tramp “SpaceX” şirkətinin rəhbəri Elon Maskdan Ukrayna ordusunun istifadə etdiyi Starlink peyk rabitə sisteminin hərbi versiyasına tətbiq olunan məhdudiyyətləri aradan qaldırmasını istəyib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ və Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp oktyabrın 21-də Maskla telefonla danışıb. Söhbətdən sonra Ukraynada Starlink sisteminin fəaliyyətində yaxşılaşma müşahidə olunub. Növbəti gün internet bağlantısının daha normal işlədiyi və qoşulma sürətinin məhdudiyyətlərin tətbiq olunduğu dövrlə müqayisədə artdığı bildirilib.
Bununla belə, Ukrayna rəsmiləri sistemin bütün funksiyalarının hələ tam bərpa edilmədiyini bildiriblər.
Ukrayna ordusunun istifadə etdiyi sistem Starshield adlanır. Bu, “SpaceX” tərəfindən ABŞ hökuməti və onun tərəfdaşları üçün hazırlanmış peyk rabitə texnologiyasının hərbi versiyasıdır. Sistem döyüş meydanında rabitənin təmin edilməsi, pilotsuz uçuş aparatlarının idarə olunması və hava hücumlarından müdafiə imkanlarının dəstəklənməsi məqsədilə istifadə olunur.
Məhdudiyyətlərin oktyabrın ortalarında tətbiq edilməsindən sonra Ukraynanın zərbə və ələkeçirici dronlarının fəaliyyətində problemlər yarandığı bildirilir. “WSJ”nin məlumatına görə, avadanlığın peyk şəbəkəsinə qoşula biləcəyi sürət təxminən 160 km/saatla məhdudlaşdırılıb. Bu isə daha yüksək sürətlə hərəkət edən dronların rabitəni davam etdirməsini çətinləşdirib.
Qəzet daha əvvəl Maskın Starlink-in hərbi versiyasının fəaliyyətini məhdudlaşdırmaq qərarına gəldiyini yazmışdı. Məlumata görə, bu qərar Kiyevdə narahatlığa, həmçinin ABŞ administrasiyası daxilində çaşqınlığa səbəb olub.
Mask daha əvvəl sistemin sürət və istifadə limitlərinin ABŞ ordusu və nəticə etibarilə ABŞ prezidenti tərəfindən müəyyənləşdirildiyini bildirmişdi.
Bununla yanaşı, Tramp administrasiyasının nümayəndələri Ağ Evin Starlink-in fəaliyyətini qəsdən məhdudlaşdırmaq barədə göstəriş verdiyini təkzib ediblər. ABŞ-ın müdafiə naziri Pit Heqset Pentaqonun belə bir göstəriş vermədiyini bildirib. Dövlət katibi Marko Rubio isə sistemdən istifadənin şərtlərinin “SpaceX” ilə bağlanmış kommersiya müqaviləsi əsasında müəyyən edildiyini qeyd edib.
Starlink-lə bağlı məhdudiyyətlər Vaşinqtonla Kiyev arasında fikir ayrılıqlarının dərinləşdiyi bir vaxta təsadüf edib. Tramp Ukraynanın Rusiyanın neft emalı zavodlarına zərbələr endirməsini tənqid edib və Kiyevi müharibəyə son qoymaq üçün səyləri artırmağa çağırıb.
Ukrayna tərəfi isə peyk rabitəsində yaranan fasilələrin hərbi əməliyyatlara, eləcə də hava hücumundan müdafiə sistemlərinin fəaliyyətinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.


























