ABŞ Prezidenti Donald Tramp ölkənin neft hasilatını və emalını artırmaq, enerji təchizatını gücləndirmək və logistika imkanlarını genişləndirmək məqsədilə Müdafiə İstehsalı Qanununu işə salıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı qərar mətnində bildirilib.
Qərara əsasən, neftin hasilatı, emalı və daşınması üçün zəruri imkanların təmin edilməsi ABŞ-ın milli müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır. Tramp təcili federal tədbirlər görülməyəcəyi təqdirdə ölkənin müdafiə potensialının xarici təhdidlər qarşısında həssas qala biləcəyini vurğulayıb.
ABŞ prezidentinin qərarı 1950-ci ildə qəbul edilmiş Müdafiə İstehsalı Qanununun 303-cü maddəsinə əsaslanır. Həmin maddə milli müdafiə üçün vacib hesab edilən sənaye imkanlarının inkişaf etdirilməsinə dəstək verməyə imkan yaradır.
Sənəddə maliyyələşdirmə çətinlikləri, icazələrin alınmasının uzun çəkməsi və təchizat zəncirindəki məhdudiyyətlərin istehsal potensialının genişləndirilməsini ləngitdiyi qeyd olunur.
Yeni qərar çərçivəsində zəruri satınalmaların həyata keçirilməsi, maliyyə öhdəliklərinin götürülməsi və istehsal imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur.
Tramp qərarın icrası ilə bağlı ABŞ Müdafiə Nazirliyinə müvafiq səlahiyyətlər verib.


























