ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammit Moskvanın Ukrayna ilə bağlı sərt tələbləri səbəbindən ləğv olunub.
Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı diplomatik mənbələrə istinadən Financial Times yayıb.
Məlumata görə, sammitin ləğvi barədə qərar ABŞ və Rusiya yüksək səviyyəli diplomatları arasında baş tutan gərgin telefon danışığından sonra qəbul edilib.
Nəşr yazır ki, Moskva Vaşinqtona sərt şərtlər əks etdirən memorandum göndərib, lakin ABŞ tərəfi bu tələbləri qəbuledilməz sayaraq razılaşmadan imtina edib.
Xatırladaq ki, oktyabrın sonunda Donald Tramp Budapeştdə Vladimir Putinlə görüş planlaşdırdığını açıqlamış, lakin dəqiq tarix göstərməmişdi. Lakin oktyabrın 21-də sammitin rəsmi şəkildə ləğv edildiyi bildirilib. Məlumata görə, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında nəticəsiz telefon danışığından sonra hazırlıq prosesi dayandırılıb.
Bununla belə, Macarıstan XİN rəhbəri Peter Sijarto məlumatı təkzib edərək bildirib ki, Budapeşt sammitinə hazırlıqlar hələ də davam edir və Tramp administrasiyası görüşdən tamamilə imtina etməyib.
Digər tərəfdən, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, əgər sülh danışıqları səmərəli olarsa, Ukrayna Macarıstanda və ya başqa yerdə belə görüşlərə açıqdır. Lakin müşahidəçilərin fikrincə, Macarıstanın baş naziri Viktor Orban Kiyevə qarşı pozitiv mövqe nümayiş etdirmir.
Ekspertlər hesab edirlər ki, Budapeşt sammitinin ləğvi ABŞ–Rusiya münasibətlərindəki gərginliyin davam etdiyini və Ukrayna məsələsində kompromisin hələ uzaqda olduğunu göstərir.


























