ABŞ Prezidenti Donald Tramp Ukraynaya Tomahawk raketlərinin verilməsindən imtina edib. Vətəninfo.az xəbər verir ki, bu qərarın səbəbi kimi onun Rusiya Prezidenti Vladimir Putin ilə apardığı telefon danışığı göstərilir. Danışıq oktyabrın 16-da baş tutub – bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin Noyabrın 17-də Ağ Evə səfərindən bir gün əvvəl olub.
Bloomberg-in məlumatına görə, Trampın xüsusi elçisi Stiv Uitkoff ilə Kremlin nümayəndəsi Yuri Uşakov arasında aparılan danışıqların detalları yayılıb. Uşakov bildirib ki, Putin Trampa Ukraynaya Tomahawk raketlərinin verilməsinin “müharibənin eskalasiyasına və ABŞ-Rusiya münasibətlərinin pisləşməsinə” səbəb olacağını bildirib.
Amerika rəsmiləri bildirirlər ki, Tramp əvvəllər də Tomahawk ehtiyatlarının azalması ilə bağlı narahatlıqlarını ifadə etsə də, məhz Putinin zəngi onu raketlərin göndərilməsini dəstəkləməməyə inandırıb.
Eyni zamanda, noyabr ayında Ukraynanın ABŞ-dakı səfiri Olqa Stefanışina “Tomahawk” raketlərinin alınması üzrə müsbət danışıqlar aparıldığını açıqlayıb. Onun sözlərinə görə, başqa uzunmənzilli silahların alışı da müzakirə mövzusudur.
“The Hill” nəşri yazıb ki, Tramp hazırda Ukraynaya bu raketlərin verilməsini nəzərdən keçirmir, lakin mövqeyini dəyişə bilər. Qeyd olunur ki, Pentaqon raketlərin verilməsinə “yaşıl işıq” göstərib və bunun ABŞ ehtiyatlarına mənfi təsir etməyəcəyini bildirir.


























