ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyanın enerji infrastrukturuna zərbələrini ABŞ-da dizel yanacağının bahalaşmasının səbəblərindən biri kimi göstərib və Ukrayna Prezidenti Volodimir Zelenskidən Rusiya ərazisində dizel yanacağı istehsal edən müəssisələrə hücumları dayandırmağı tələb edib.
Vətəninfo.az xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ-da dizel yanacağının orta qiyməti bu həftə tarixdə ilk dəfə olaraq bir qallona görə 6 dollar həddini keçib. O, yaranmış vəziyyəti Ukraynanın Rusiyanın yanacaq infrastrukturuna zərbələri ilə əlaqələndirib.
“Zelenski bir şey etməlidir: Rusiyada dizel istehsalını dayandırmağı dayandırmalıdır. Buna görə də dizel yanacağı çatışmazlığı yaranır”, – deyə Tramp İrlandiyaya səfəri zamanı jurnalistlərə bildirib.
ABŞ Prezidenti əlavə edib ki, məsələ Yaxın Şərqdəki vəziyyətlə bağlı deyil, Rusiya-Ukrayna müharibəsi çərçivəsində baş verən hadisələrlə əlaqədardır. Onun sözlərinə görə, Vaşinqton bu məsələni Zelenski ilə müzakirə edib.
Bundan əvvəl ABŞ-ın energetika naziri Kris Rayt da Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarının qlobal dizel yanacağı tədarükünə təsir edən amillərdən biri olduğunu bildirib.
Raytın sözlərinə görə, Rusiyanın yanacaq infrastrukturunda yaranan fasilələr artıq dünya bazarında yanacaq qiymətlərinə təsir göstərməyə başlayıb.


























