ABŞ-da noyabrın 4-də keçirilən ştat seçkilərində Demokrat Partiyası mühüm qələbələr əldə edib. Virciniya və Nyu-Cersi ştatlarında da demokrat namizədlərin qalib gəlməsi, analitiklər tərəfindən keçmiş prezident Donald Tramp üçün növbəti siyasi fiasko kimi qiymətləndirilir.
Vətəninfo.az xəbər verir ki, Virciniya ştatında Demokrat Partiyasının namizədi, Konqresin keçmiş üzvü Abigail Spanberger öz qələbəsini elan edib. O, Riçmondda tərəfdarları qarşısında çıxış edərək bildirib:
“Həyatımın ən böyük şərəfi Virciniya Birliyinin 75-ci qubernatoru seçilməkdir.”
Rəsmi səslərin sayılması hələ başa çatmasa da, aparıcı ABŞ media qurumları – CNN, NBC, Associated Press və digərləri Spanbergerin rəqibi, Respublikaçı Winsome Earl-Sears üçün qələbə şansının qalmadığını bildiriblər.
Beləliklə, Spanberger respublikaçı Qlen Yanqkini əvəz edərək, Virciniya tarixində qubernator postunu tutan ilk qadın olacaq. O, əvvəllər ABŞ Nümayəndələr Palatasında Virciniyanı təmsil edib, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) terrorizm və nüvə silahlarının yayılması ilə bağlı kəşfiyyat məlumatlarının toplanmasına nəzarət edib.
Digər bir mühüm qələbə isə Nyu-Cersi ştatında qeydə alınıb. Amerika mediasının proqnozlarına görə, Demokrat namizəd Mikki Şerrill qubernator seçkilərində Trampın yaxın müttəfiqi Cek Çiatarellini məğlub edib.
Xatırladaq ki, bir gün əvvəl aparıcı media orqanları Demokrat Zöhran Məmdaninin Nyu-York meri seçkilərində qalib gəldiyini elan etmişdilər. O, şəhərin tarixində ilk müsəlman və ən gənc mer olacaq.
CNN-in məlumatına görə, ABŞ-ın keçmiş prezidenti Co Bayden Mikki Şerrill və Abigail Spanbergerə zəng edərək onları qələbələri münasibətilə təbrik edib. Məlumata əsasən, Bayden bu seçkilərdə birbaşa onların kampaniyasında iştirak etməsə də, 2018-ci ildə hər iki siyasətçini dəstəkləmiş və Nyu-Cersidə Şerrill ilə birgə kampaniya aparmışdı.
Bu arada hazırkı prezident Donald Tramp məğlubiyyətlərin səbəbini “federal hökumətin qismən bağlanması” ilə izah edib. O, Truth Social platformasında yazıb ki, Respublikaçıların seçkilərdə uduzmasının əsas səbəbləri “Trampın öz namizədliyini irəli sürməməsi və hökumətin bağlanması” olub.
Beləliklə, ardıcıl məğlubiyyətlər Respublikaçı Partiyada gərginliyi artırır və müşahidəçilər bu nəticələrin 2026-cı il Konqres seçkiləri öncəsi partiyanın strategiyasına ciddi təsir göstərə biləcəyini istisna etmirlər.


























