ABŞ Dövlət katibi Marko Rubio Avropa tərəfdaşlarına bildirib ki, ABŞ administrasiyası Kiyev üçün təhlükəsizlik zəmanətləri vermədən əvvəl sülh razılaşması əldə etmək istəyir. Vətəninfo.az xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadla məlumat yayıb.
Politico-nun məlumatına görə, Rubio Avropa rəsmiləri ilə keçirilən telefon danışığında bildirib ki, Prezident Donald Tramp Kiyev üçün təhlükəsizlik zəmanətlərini yalnız sülh razılaşmasından sonra müzakirə etməyə hazır olacaq.
Rubio həmçinin təklif edib ki, razılaşmadan sonra Ukraynanın ərazi bütövlüyü və Rusiyanın dondurulmuş aktivləri kimi digər məsələlər də həll edilsin.
İki Avropa diplomatı Politico-ya bildirib ki, Rubio Avropa tərəfdaşlarına deyib ki, ABŞ həm Ukraynaya hərbi yardım göstərir, həm də Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyinə görə, sülh danışıqlarında ədalətli vasitəçi kimi qəbul olunmur.
Əvvəlcə ABŞ Ukrayna məsələsi üzrə 28 maddədən ibarət plan təqdim edib. Bu plan Kiyev və Avropa tərəfdaşlarında narazılıq doğurub və sonra əhəmiyyətli dəyişikliklər edilib. Noyabrın 23-də ABŞ və Ukrayna plan üzrə məsləhətləşmələr aparıb. RBC-Ukrayna agentliyinin məlumatına görə, nümayəndə heyətləri planın əksər hissəsi üzrə razılığa gəlib, lakin bəzi əsas məsələlər Donald Tramp və Volodimir Zelenski arasında keçiriləcək görüşə saxlanılıb. Daha sonra Tramp bildirib ki, planın maddələrinin sayı 28-dən 22-yə endirilib.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrov isə qeyd edib ki, Moskvanın əlində 28 maddədən ibarət sənəd var və başqa versiyaları görməyib. Nazir əlavə edib ki, Rusiya Vaşinqtondan Kiyev və Avropa İttifaqı ilə məsləhətləşmələrin nəticələri barədə məlumat gözləyir.


























