image-reklam-veteninfo
image-interpress_f75c185e8e9f11f4dcc55d2f431b2120_ot8caznkhq135r7yfgj6-e1749829525391-640x336-1backend

Turizm həm də kimliyimizin aynasıdır – Tənzilə Rüstəmxanlı yazır

image-reklam-veteninfo

Bir neçə gün öncə əcnəbi turistlərin Şəhidlər Xiyabanında etdiyi nalayiq hərəkətlər Azərbaycan insanının milli məsələlərdə, Vətənə, dövlətçiliyə təhlükə yarandıqda, milli heysiyyatımızla bağlı qırmızı xətt keçildikdə, necə birləşdiyini bir daha göstərdi. Hadisə ilə bağlı məsələ polislərimizin ayıq-sayıqlığı nəticəsində öz həllini tapdı, inzibati qaydada tədbir görüldü. Amma bu hadisə başqa bir neçə ciddi məqamın üzərində düşünməyə və təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyinə əsas verdi.

Bu hadisə turizm sektorunun, xüsusilə də Turizm Agentliyinin üzərinə ciddi məsuliyyət qoymuş oldu. Hansı ölkədən gəlməsindən və kimliyindən asılı olmayaraq, bütün turistlər Azərbaycan dəyərlərinə hörmətlə yanaşmalıdırlar. Bakıya gələn turistlər üçün tanıtım broşurlarında yeyib-içmək, əyləncə məkanları ilə yanaşı ölkəmizin tarixi, mədəniyyəti ilə tanış edilməli, şəhidlərimizin azərbaycanlılar üçün hansı dəyərə sahib olduğu qeyd edilməlidir.

Azərbaycan turistik ölkədir. İstər bölgələrdə, istərsə də mərkəzdə turistlər üçün hər cür şərait yaradılıb. Amma turizm yalnız biznes, gəlir vasitəsi deyil. Turizm həm də bir ölkənin dünyaya tanıtdırılması, onun təbliği üsuludur.

Müxtəlif ölkələrə məxsus turistlərin ölkəmizə hansı fikirlərlə gəldiyini bilmirik. Buna görə də onları ölkəyə gətirən tur şirkətləri, yaxud otellərə cəlb edən, şərait yaradan yerli təşkilatlar nizam-intizama, qaydalara əməl etməyə, turist olaraq gəldikləri ölkənin milli adət-ənənələrinə, atributlarına, mənəvi dəyərlərinə hörmət etməyə çağırmalıdırlar.

Azərbaycan cəmiyyəti üçün şəhidlik anlayışı yalnız tarixi bir fakt deyil, həm də milli kimliyimizin və dövlətçiliyimizin ən müqəddəs sütunlarından biridir. Şəhidlər Xiyabanı isə xalqın qürur mənbəyi və mənəvi dayağıdır. Ölkəmizə gələn hər bir əcnəbi qonaq bu məqamın Azərbaycan xalqı üçün nə qədər uca olduğunu bilməlidir.

Şəhidlər Xiyabanında xarici dilləri bilən tələbələrimizin turistlər üçün tanıtım xidmətindən istifadə etmək olar. Bu həm tələbələrimizə maddi dəstək, həm də turistlər üçün Azərbaycan həqiqətlərinin çatdırılmasında böyük bir iş olar.

Böyük tarixi şəxsiyyətlərimizin uyuduğu Fəxri Xiyabanda da eyni prinsipin tətbiqi yerində olar. Bir sözlə, ölkəmizin turizm strategiyasında gəlir və bizneslə yanaşı təbliğat və tanıtım kapitalı da önəmli yer almalıdır!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki