Ermənistan İqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, qarşıdakı illərdə Amerika iqtisadiyyatının, brendlərinin və investisiyalarının Ermənistandakı payı əhəmiyyətli dərəcədə artacaq. Vətəninfo.az xəbər verir ki, jurnalistlərlə söhbətində nazir qeyd edib ki, ABŞ investisiyalarının artımı qaçılmazdır və hökumət bu prosesə aktiv dəstək göstərir.
Nazir eyni zamanda Türkiyə və Azərbaycanla əlaqəsi olan bəzi qurumların ABŞ şirkəti adı altında Ermənistanda fəaliyyət göstərməsi ilə bağlı narahatlıqlara da münasibət bildirib. Onun sözlərinə görə, Türkiyə şirkətləri artıq 2012–2013-cü illərdən etibarən, xüsusilə pərakəndə satış sahəsində Ermənistanda fəaliyyət göstərirlər.
Papoyan bu cür investisiyaları müsbət qiymətləndirdiyini vurğulayıb:
“Əgər sülh istəyiriksə, sərmayələrə də açıq olmalıyıq. Sərhədlər açıldıqdan sonra biz Türkiyəyə sərmayə yatıra biləriksə, türk sərmayələrinin də Ermənistana gəlməsi təbii haldır. Əgər iqtisadi əməkdaşlıq olmasa, davamlı dövlət qurmaq mümkün deyil,” – deyə o bildirib.
Nazir həmçinin qeyd edib ki, türk brendlərinin, o cümlədən otelçilik sektorunda fəaliyyəti Ermənistan üçün problem deyil:
“Əgər 2012-ci ildə türk brendi olan bir otel açıla bilirdisə, niyə 2026-cı ildə açılmasın? Əsas olan odur ki, investisiya gəlsin, iş yerləri açılsın və iqtisadiyyat inkişaf etsin.”