Türkiyədə kapital bazarlarında manipulyativ əməliyyatlarla bağlı aparılan istintaqlar çərçivəsində 404 nəfər barəsində hüquqi tədbirlər görülüb, 88 şübhəli həbs edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Akın Gürlek sosial şəbəkə hesabında məlumat paylaşıb.
Nazirin sözlərinə görə, istintaq çərçivəsində 26 nəfər saxlanılıb, 195 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri tətbiq olunub.
Bundan əlavə, 351 fiziki və 102 hüquqi şəxsin bank hesablarının dondurulması, əmlaklarına həbs qoyulması və daşınmaz əmlaklarının özgəninkiləşdirilməsinin qarşısının alınması barədə qərarlar qəbul edilib.
Akın Gürlek bildirib ki, qaçaraq gizlənən 42 şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nazir, həmçinin əsassız qazanc əldə etdiyi ehtimal olunan fiziki və hüquqi şəxslərin vəsaitlərinin Əmanətlərin Sığortalanması Fondunun (TMSF) nəzdində yaradılmış hesablara qaytarılması prosesinin davam etdiyini qeyd edib.


























