image-reklam-veteninfo
image-resize-3backend

Türkiyədə mədən faciəsi: Metan partlayışı iki can aldı, bir işçi yerin altında qaldı

image-reklam-veteninfo

Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonunda yerləşən özəl kömür mədənində metan qazının partlaması nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb. Daha bir mədənçinin isə yerin altında qaldığı bildirilir.

Vətəninfo.az xəbər verir ki, hadisə Gelik ərazisində baş verib. Partlayışdan sonra əraziyə təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub. Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıblar. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Zonquldak valisi Osman Hacıbektaşoğlu jurnalistlərə açıqlamasında mədəndə səkkiz nəfərin olduğu barədə məlumat aldıqlarını bildirib. Onun sözlərinə görə, yeddi nəfər mədəndən çıxarılıb, onlardan ikisi xəstəxanaya çatdırılarkən həyatını itirib. Digər beş nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Vali qeyd edib ki, yaralılardan ikisi aldığı yanıqlara görə intubasiya edilib. Hazırda yerin altında qalan mədənçinin xilas edilməsi istiqamətində işlər davam etdirilir. Onun vəziyyəti barədə hələlik dəqiq məlumat yoxdur.

Kilimli rayonunun meri Burhan Sezgin də CNN Türk-ə açıqlamasında iki işçinin öldüyünü, dörd nəfərin xilas edildiyini və bir nəfərin hələ də mədəndə qaldığını bildirib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma başlanıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki