Dağıstanın Kaspysk şəhərində çoxmərtəbəli yaşayış binasında güclü partlayış baş verib. Vətəninfo.az xəbər verir ki, şəhər rəhbiliyinin məlumatına görə, hadisə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində baş verib.
Partlayışın təsirindən binanın yaxınlığındakı dayanacaqda olan onlarla avtomobil zədələnib, yaşayış binasında isə 30-dan çox pəncərə sınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışdan sonra taxta konstruksiyaların və kərpiclərin binadan qoparaq ətrafa səpildiyi görünür.
Hadisədən əvvəl bölgədə PUA hücumu təhlükəsi elan edilmişdi. Partlayış yerinə təcili yardım və xilasedici qruplar cəlb olunub.
Dağıstan rəhbəri Sergey Melikov güclü partlayışın şəhər üzərində Ukraynaya məxsus PUA-ların məhv edilməsi nəticəsində baş verdiyini təsdiqləyib.
Melikovun sözlərinə görə, Kaspysk üzərində düşmən dronlarının hücumu qarşısı alınıb və hava hədəfləri məhv edilib. O, bütün dövlət qurumlarının operativ qərargah rejiminə keçirildiyini bildirib və sakinlərə ehtiyatlı olmağı, açıq ərazilərdə hərəkət etməmələrini tövsiyə edib.
Bölgənin Səhiyyə Nazirliyi hücum zamanı 12 yaşlı qızın yaralandığını açıqlayıb. O, döş qəfəsindən yüngül, qeyri-penetrasiya xarakterli yara alıb və vəziyyəti stabildir. Yeniyetmənin müalicəsi Respublika Uşaq Kliniki Xəstəxanasında aparılacaq.
Hadisə şahidləri Mash Gor Telegram kanalına açıqlamalarında partlayışdan əvvəl binanın damına “PUA-a bənzər bir obyektin” düşdüyünü gördüklərini deyiblər. Sakinlərin sözlərinə görə, həmin obyektin vurulmuş dron olması ehtimal edilir və onun qalıqları binanın damına düşüb.
Partlayış nəticəsində binanın həyətindəki onlarla avtomobil dağıntılar altında qalıb, yaşayış binasında isə ciddi ziyan yaranıb.

























