Ukraynanın strateji əhəmiyyətli Pokrovsk şəhəri uğrunda gedən ağır döyüşlər Kiyevin qarşısında duran əsas problemi – orduda kadr çatışmazlığını üzə çıxarıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Atlantika Şurası analitik mərkəzinin hazırladığı hesabatda qeyd olunur.
Prezident Vladimir Zelenski etiraf edib ki, Pokrovsk istiqamətində Ukrayna qoşunlarının sayı Rusiya qüvvələri ilə müqayisədə “səkkizdə bir” nisbətində azdır.
Təhlilçilərin fikrincə, üç ildən çox davam edən müharibə Ukraynanın ehtiyat qüvvələrini tükəndirib. Müharibənin ilk mərhələlərində könüllülərin sayında müşahidə olunan artım çoxdan dayanıb, itkilərin və fərarilik hallarının çoxalması isə vəziyyəti daha da ağırlaşdırıb.
“Daily Telegraph” yazır ki, hərəkət məhdudiyyətlərinin qismən aradan qaldırılmasından sonra təxminən 100 minə yaxın hərbi yaşda ukraynalı ölkəni tərk edib. Bu, həm hərbi potensiala, həm də iqtisadi sabitliyə ciddi təsir göstərib.
Buna qarşılıq olaraq Moskva cəbhədəki say üstünlüyünü qoruyur və yüksək maaş və imtiyazlar təklif etməklə yeni döyüşçüləri cəlb etməyə davam edir.
Ekspertlər xəbərdarlıq edirlər ki, Pokrovskinin itirilməsi Kiyev üçün həm taktiki, həm də simvolik baxımdan ağır zərbə ola bilər. Onların fikrincə, Rusiya üzərinə hərbi və iqtisadi təzyiqlər artmadığı halda, Ukrayna ordusu mövqelərini qorumaq və döyüş qabiliyyətli hissələri saxlamaq üçün müəyyən güzəştlərə getməyə məcbur qala bilər.


























