ABC News xəbər verir ki, Ukraynanın Donetsk vilayətində yerləşən Pokrovsk şəhəri 18 aydan çox davam edən şiddətli döyüşlərdən sonra düşmə təhlükəsi ilə üzləşib. Ukrayna müdafiə qüvvələri uzun müddətdir bu istiqamətdə Rusiya ordusunun intensiv hücumlarını dəf etməyə çalışır.
Materialda qeyd olunur ki, Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı işğalından əvvəl Pokrovskda təxminən 60 min nəfər yaşayırdı. Hazırda şəhər Kremlin Donetsk vilayətinin tam işğalı planının əsas hədəflərindən birinə çevrilib.
Hazırda Ukrayna ordusu şəhəri müdafiə etməyə davam edir. Lakin analitiklərin fikrincə, Pokrovskun itirilməsi bu ilin martında Ukrayna qüvvələrinin Kursk vilayətindən çıxmasından bəri Kiyev üçün ən ciddi geriləmələrdən biri ola bilər.
Rusiya qüvvələri artıq bir neçə aydır Pokrovsk və qonşu Mirnohrad şəhərlərini şimal və cənub istiqamətlərindən mühasirəyə almağa çalışır. Nəşrin məlumatına görə, Rusiya hərbçiləri şəhərə aparan əsas yolları kəsməyə yaxındır.
Pokrovskla əlaqə saxlayan əsas təchizat xətləri rus dronlarının atəşi altındadır. Bu da logistikanı və ordunun geri çəkilmə imkanlarını son dərəcə çətinləşdirir.
Finlandiyanın “Black Bird Group” təşkilatının nümayəndəsi Pasi Paroinen ABC News-a bildirib ki, Ukrayna qüvvələri lazım gələrsə, Pokrovsk və Mirnohradın qərbində müdafiəni davam etdirə bilər:“Şəhər mərkəzləri adətən yaxşı taktiki müdafiə mövqeləri hesab olunur. Lakin əgər siz üç tərəfdən mühasirəyə alınmısınızsa və rabitə xətləri pozulubsa, bu mövqelər artıq üstünlük deyil, yükə çevrilir və resursları tükəndirir.”
Ekspertin fikrincə, müdafiə qüvvələrinin tənzimlənmiş şəkildə geri çəkilməsi Kiyev üçün vəziyyəti sabitləşdirə bilər. Onun sözlərinə görə, şəhərin qərb hissəsində yeni müdafiə xətləri qurulubsa, bu, ordunun vəziyyətini yüngülləşdirə bilər. Əks halda, Pokrovsk və Mirnohraddakı uğursuzluq daha böyük problemlərə gətirib çıxara bilər.
ABC News qeyd edir ki, mümkün geri çəkilmə əməliyyatlarını pilotsuz uçuş aparatlarının davamlı təhlükəsi çətinləşdirə bilər. Bu səbəbdən Ukrayna hərbçiləri ehtimal ki, şəhərin qərbinə doğru, atəş altında olan təchizat yollarından istifadə edərək manevr etməyə məcbur olacaqlar.
Əgər Ukrayna qüvvələri bu istiqamətdən çıxa bilməsə, çox sayda hərbçi mühasirəyə düşə bilər.“Ukraynalılar bu şəhərləri çox uzun müddətdir müdafiə edir. Ruslar artıq Pokrovskun çox hissəsinə daxil olublar və məncə, onları oradan çıxarmaq artıq mümkün deyil,” – deyə Paroinen bildirib.
Mənbələrə görə, Rusiya ordusu Pokrovsk istiqamətində hücumları intensivləşdirib – yalnız bir sutka ərzində 100-dən çox hücum cəhdi qeydə alınıb. DeepState analitik platformasının məlumatına əsasən, Rusiya qüvvələri bu istiqamətdə bütün ehtiyatlarını cəlb edib.
The New York Times yazır ki, Moskva Pokrovsku Donetsk vilayətində son böyük maneə kimi görür. Şəhərin ələ keçirilməsi Rusiya ordusuna Slovyansk və Kramatorska doğru irəliləmək imkanı verə bilər.
Ekspertlər hesab edirlər ki, Pokrovskun düşməsi Vladimir Putin üçün təbliğat baxımından önəmli olacaq və bu, Rusiyanın “cəbhədə irəlilədiyi” barədə narrativini gücləndirəcək.


























