Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallas arasında şəxsi münaqişə daha da dərinləşib. Vətəninfo.az xəbər verir ki, bu barədə Politico Avropa qurumlarındakı mənbələrə istinadən yazır.
Nəşrin dörd yüksək vəzifəli mənbəsinin sözlərinə görə, yaşanan son hadisələr “onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib”. Politico vurğulayır ki, iki ali Aİ rəsmisi arasındakı qarşıdurmada Kallasın rəhbərlik etdiyi diplomatik xidmətin əməkdaşları fon der Lyayenin tərəfini saxlayırlar.
Xatırladaq ki, dekabrın 2-də Belçika hüquq-mühafizə orqanları korrupsiya və büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməməsi işi çərçivəsində bir sıra obyektlərdə — şəxsi evlərdə, Aİ diplomatik xidmətinin Brüsseldəki binasında və Brügge şəhərindəki Avropa Kollecində — axtarışlar aparıb.
Polis həm Aİ-nin keçmiş xarici siyasət rəhbəri və Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini, həm də Aİ Xarici Fəaliyyət Xidmətinin sabiq baş katibi Stefano Sanninonu dələduzluq işi üzrə saxlayıb.


























