Birinci Qarabağ savaşında uğrunda ən çox qurban verən şəhər —Ağdam Azərbaycanın Şəhid qanı ilə suvarılan tarixi torpağıdır. Tarixə nəzər yetirdikdə görürük ki, məhz bu ərazilərdə Pənahəli xanın, Puru paşanın, Azərbaycan muğam sənətinin onlarla sənətkarının yaşayış, mübarizə səlnaməsi əks olunub. Çox təəssüf hissi ilə qeyd edirik ki, böyük mübarizə və qurbanlardan sonra belə birinci Qarabağ müharibəsində Ağdamı erməni vandallarından qorumaq mümkün olmadı. 1993-cü il 23 iyul Vətən təqvimində qara səhifə olsa da, müzəffər Ordumuzun qələbə əzmi sayəsində düşmənə diz çökdürüldü və 20 noyabr 2020-ci il tarixində Qalib ordumuz doğma Ağdam torpağına daxil oldu. Minlərlə tarixi abidə yatağı olan bu şəhər erməni vandallarının işğalı nəticəsində tamamilə dağıdılmışdı. İşğaldan sonra Prezident İlham Əliyev ilk olaraq, İslam dininin dəyərlərinə böyük hörmət göstərərək, Ağdam məscidini bərpa etdirmişdir. 30 illik bir işğal dövründən sonra bu gün qürurla qeyd edirik ki, doğma Ağdam torpağında məğlubedilməz Azərbaycan Əsgərinin isti nəfəsi var.
Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi imkan verir ki, qısa müddət ərzində Ağdam yenidən qurulsun. Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılıb. Qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq. Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu. Artıq 5 rezident işə başlayır. 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Ağdam şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. Azərbaycanın iş adamları Ağdam və azad edilmiş bütün digər ərazilərə sərmayə qoymalı və müasir layihələri reallaşdırmalıdırlar. Bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 13 fevral tarixində Ağdama səfəri zamanı müsahibəsində qeyd edib.
Müsahibəsinin davamında dövlət başçısı Ağdam şəhərinin elektrik stansiyaları, yol-nəqliyyat infrastrukturu, təhsil sahəsinin planları haqqında ətraflı məlumat vermişdir :”İşğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur. Azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Ağdamda müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Yaşayış kompleksinin təməl daşının qoyulması da əlamətdar hadisədir. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma – iki ilə inşa ediləcək. 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası ağdamlılara tibbi xidmətin göstərilməsi üçün imkanlar yaradacaq. 1 nömrəli məktəb inşa olunur, məktəbdə təqribən minə yaxın şagird oxuyacaq. Ağdama qaz xətlərinin çəkilişi layihəsi işlənilir. İçməli suyun gətirilməsi, o cümlədən Xaçınçay su anbarının təmiri layihəsi İnvestisiya Proqramında öz əksini tapıbdır. Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Avtomobil yolu təqribən bir ilə hazır olacaq. Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək dahada asan olacaq”.
Görülən bütün işlərin Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırıldığını bildirən İlham Əliyev icra olunan layihələr haqqında məlumat verərək bildirib ki, bu onu göstərir ki, bütün maliyyə və texniki imkanları, habelə kadr potensialı peşəkar şəkildə bu işlərə səfərbər olunubdur. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edir və bu şirkətlərin sayı artmaqdadır. Qarşımızda duran böyük işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi praktiki işlərin görülməsi başlanacaqdır
Ağdam şəhəri işğaldan azad olunduqdan sonra düşmənin ərazini minalaması onun bərpasını çətinləşdirirdi. Minalardan təmizləmə işləri davam etdikcə şəhərin tarixi abidələri bərpa olunurdu. Bir növ Ağdama yenidən nəfəs verilirdi. Ölmək üzrə olan təbiət canlandırılırdı. Bu kimi məsələlərlə bağlı danışan İlham Əliyev bəzi məqamları qeyd edib :”Ağdam Cümə məscidinin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılır. Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Ağdam Cümə məscidinin bərpa işləri başlanıb. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Bütün tarixi və dini abidələr bərpa olunacaqdır. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə yarıdağılmış Ağdam məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər”.
Artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilməsi buraya minlərlə azərbaycanlı və digər ölkə vətəndaşlarının burdaki real vəziyyəti öz gözləri ilə görməsinə şərait yaradır. Burdakı dağıntı vəziyyətini görən insanlar ermənilərin necə vəhşicəsinə Azərbaycan abidələrini məhv etdiklərinin isbatını görmüş olurlar.
Müsahibəsinin sonunda dövlət başçısı Ermənistanın revanşist siyasətinə ciddi tənqidi münasibət bildirərək qeyd edib ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Ancaq heç vaxt Azərbaycan xalqı ermənilər tərəfindən törədilmiş vəhşiliyi unutmamalıdır.Ermənistanda baş qaldıran revanşist qüvvələr hər an Azərbaycan ordusu tərəfindən məhv oluna bilər. Bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində, Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Azərbaycan xalqı öz torpaqlarını qaytarıb. Bu torpaqlar qan tökərək, şəhidlər verərək qaytarılıb.
Bakı Slavyan Universiteti
Aypara Babayeva /Nəsimi rayon gənci