image-reklam-veteninfo
image-1backend

Uşağa görə 100 manat müavinət hansı analara veriləcək?

image-reklam-veteninfo

Üç yaşınadək uşağa qulluğa görə müavinət almaq istəyənlər üçün yeni şərt müəyyənləşdirilməsi təklif olunur. Belə ki, bundan sonra bu ödənişdən yararlanmaq üçün ən azı 6 aylıq sosial sığorta stajının olması tələb edilə bilər. Dəyişiklik xüsusilə işləyən və uşağa qulluqla əlaqədar sosial məzuniyyətə çıxan valideynlərə aiddir.

Vətəninfo.az xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev bildirib ki, 6 aylıq staj tələbi müavinət almaq hüququna aid olacaq. Bununla belə, üç yaşınadək uşağa qulluğa görə sosial məzuniyyət hüququ saxlanılacaq.

Nazir müavininin sözlərinə görə, mövcud qanunvericilikdə minimum sosial sığorta stajı tələbinin olmaması sistemdən sui-istifadə risklərini artırır. Yeni şərtin tətbiqi isə formal əmək münasibətlərinin yalnız müavinət əldə etmək məqsədilə yaradılmasının qarşısını almağa və sosial sığorta sisteminin maliyyə dayanıqlığını gücləndirməyə xidmət edir.

Bəs bu dəyişiklikdən sonra hansı analar müavinət ala biləcək? İşləməyən analara da ödəniş veriləcəkmi? Məbləğin artırılması nəzərdə tutulurmu?

Xalid-Kərimli.jpg (198 KB)

Mövzu ilə bağlı Musavat.com-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, təklifin mahiyyəti işləyən şəxsin uşağa qulluq etdiyi müddətdə müəyyən sosial təminatla əhatə olunmasıdır.

İqtisadçı qeyd edib ki, hökumətin yanaşmasına əsasən, bu ödəniş universal uşaq pulu deyil. Söhbət əmək fəaliyyəti ilə məşğul olan, sosial sığorta sisteminə ödəniş edən və uşağa qulluqla əlaqədar müəyyən müddət işləməyən şəxsin kompensasiya ilə təmin olunmasından gedir.

Xalid Kərimli məsələni belə izah edib: “Ananın heç olmasa analıq məzuniyyətinə çıxanda 6 aylıq işləmək stajı olmalıdır. Söhbət sosial sığorta stajından gedir. Yəni ən azı 6 ay işləyibsə, analıq məzuniyyətinə çıxıbsa və uşağa qulluq edirsə, ona bu müavinət verilir”.

İqtisadçı müavinətin məbləğinin də artırılmasının nəzərdə tutulduğunu xatırladıb. Belə ki, 2027-ci ildən üç yaşınadək uşağa qulluğa görə müavinətin 37 manatdan 100 manata çatdırılması planlaşdırılır. Bu ödəniş uşağın üç yaşına çatmasına qədər nəzərdə tutulan müddətdə veriləcək. Xalid Kərimli vurğulayıb ki, burada əsas fərq işləyən və işləməyən analara münasibətdə hökumətin sosial siyasətindən irəli gəlir.

“Bu, hökumətin siyasətidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi deyir ki, mən əmək ehtiyatlarımda olan, işləyən ananı uşağa qulluqla əlaqədar işləmədiyi dövrdə müəyyən məbləğdə kompensasiya ilə təmin edirəm.

Daha çox məbləğ ola bilərmi? Ola bilər. Daha az da ola bilərdi. Bu, dövlətin sosial siyasətidir”, – deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, 6 aylıq sosial sığorta stajı tələbi kifayət qədər minimal şərtdir. Çünki bəzi hallarda işə qəbul zamanı üç ayadək sınaq müddəti müəyyənləşdirilir və hökumət bu müddəti də nəzərə alan minimum tələb irəli sürür.

İqtisadçı digər ölkələrin təcrübəsinə də toxunaraq bildirib ki, uşağa qulluqla bağlı müavinətlərin verilməsi üçün bütün dünyada vahid standart mövcud deyil. Hər dövlət öz iqtisadi imkanlarına, demoqrafik vəziyyətinə və sosial siyasətinə uyğun mexanizm müəyyənləşdirir.

“İsveçdə tamam başqa cürdür, əhalisi az olan ölkələrdə başqa, Afrikada isə tamam fərqli yanaşma ola bilər. Bunun vahid standartı yoxdur. Bizim ölkədə deyilir ki, bu, işləyən şəxsin işləmədiyi dövrdə ona göstərilən köməkdir. Yanaşma bundan ibarətdir”, – Xalid Kərimli qeyd edib.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki