image-reklam-veteninfo
image-1-17backend

Dost gəlişi bayram olar 

image-reklam-veteninfo

Uzun illər Qarabağ və onun ətrafında yerləşən 7 rayon daxil olmaqla iyirmi faiz ərazimizi işğal altında saxlayan işğalçı Ermənistan ordusu 27 sentyabr 2020-ci il tarixində növbəti genişmiqyaslı təxribata əl ataraq cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və dinc yaşayış məntəqələrini iriçaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladılar. Erməni vandalizminin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ali Baş Komandan tərəfindən qoşunlarmızın bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlamasına qərar verildi.

Nəyi nə vaxt və necə edəcəyini hamıdan yaxşı bilən Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi, müzəffər Ordumuzun rəşadəti, şücaəti nəticəsində işğalda olan torpaqlarımız düşməndən azad edildi. Düşmən üzərində qazanılmış bu möhtəşəm qələbə Azərbaycanın tarixi Zəfəri idi.

44 günlük Vətən müharibəsindən sonra ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq və yenidənqurma işlərinə başlanıldı. Bu ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, lazımi infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıtmaq həsrətində olan vətəndaşlarımızın rahat yaşayışı və işgüzar fəaliyyəti üçün arzu olunan şəraitin təşkil edilməsi dövlət siyasətinin prioriteti kimi qəbul olundu və azad olunmuş Qarabağ, Zəngəzur ərazilərində irimiqyaslı bərpa işlərinin görülməsinə və bu ərazilərdə yeni infrastrukturun yaradılmasına start verildi.

image-2-10

Qürurverici haldır ki, azad olmuş ərazilərimizin bərpasına və dirçəlişinə elə ilk günlərdən dəstək verən dost və qardaş ölkələr bu ərazilərin bərpa və yenidənqurma prosesində yaxından və fəal iştirak etməyə başladılar. Onlar bu regionda müasir standartlara cavab verən infrastrukturun yaradılmasına, sosial obyektlərin inşasına və investisiya layihələrinin reallaşdırılmasına önəmli dəstək verməyi əsirgəmədilər.

Azad olmuş ərazilərimizin bərpasında ən böyük dəstək verən dost ölkələr arasında ən önəmli yeri qardaş Türkiyə Respublikası tutur. Təqdirəlayiq haldır ki, qardaş ölkənin iş adamları, müxtəlif firma və şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən çoxsaylı layihələrdə yaxından iştirak edir, avtomobil yolların, körpü və tunellərin, yaşayış məntəqələrinin, sosial obyektlərin, su mənbələrinin və eləcə də enerji infrastrukturunun qurulmasına öz töhfələrini verirlər.

Bu gün qardaş ölkənin işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında yaxından iştirak edən və bu bölgəyə öz töhfəsini verən çoxsaylı şirkətlərdən biri ilə oxucularımızı tanış etmək istəyirik. Söhbət 1994-cü ildə Türkiyə Respublikasında təsis edilmiş PROYAPI Mühəndislik və Müşavirlik Anonim Şirkətindən gedir.

Bacarıqlı iş adamı Murat Korunun uğurla rəhbərlik etdiyi PROYAPI Şirkəti təsis edildiyi ilk gündən gördüyü işlərin keyfiyyəti, mütəxəssislərinin bacarığı və peşəkarlığı sayəsində qısa müddət ərzində nəinki Türkiyədə, eləcə də Şərqi Avropada, Orta Asiyada, Yaxın Şərqdə uğurlu mühəndislik və müşavirlik xidmətləri təqdim edərək özünə rəğbət qazanmışdır.

Şirkətin qazandığı uğurlar onun fəaliyyət arealının daha da genişlənməsinə və ölkə hüdudlarını aşaraq xarici ölkələrdə fəaliyyət göstərməsinə zəmin yaratmış və Şirkətin Ankaradakı mərkəzi ofisi ilə yanaşı bir-birinin ardınca İstanbul/Türkiyə ofisi, Bakı/Azərbaycan, Kərkük/Küveyt, Bişkek/Qırğızıstan, Sarayevo/Bosniya və Herseqovina və Buxarest/Rumıniya nümayəndəlikləri fəaliyyətə başlamışdır.

image-3-8

PROYAPI Şirkəti müxtəlif vaxtlarda Türkiyədə, eləcə də fəaliyyət göstərdiyi ölkələrdə avtomagistral və dəmir yollarının, ağıllı nəqliyyat və yüngül dəmir yolu sistemlərinin, su anbarları, bəndlər və digər hidrotexniki qurğuların layihələrini hazırlamış və eləcə də geoloji və geotexniki tədqiqatlar aparmışdır.

PROYAPI Şirkəti tərəfindən Türkiyə Respublikasında “Atatürk Barajı və HES”, “Berke Bəndi və HES”, “SIR Barajı və HES”, Yalova-İzmit avtoyolu, Burdur-Antalya və Konya-Seydişehir və Burdur-Antalya Sürətli Dəmir yolu Xətləri, Halkalı-Ispartakule Dəmiryolu Tuneli, Özbəkistan Respublikasında Daşkənd-Səmərqənd Avtomagistral yolu, Albaniyada Rrogozhinë-Elbasan Yolu, Əfqanstanda Kabul-Kandahar Yolu, Suriyada Dəməşq küçəsində 2-ci və 3-cü Dairəvi Yol, Bosniya və Herseqovinada Sarayevo Ağıllı Nəqliyyat Sistemləri və digər bu kimi onlarla layihə sənədləri yüksək keyfiyyətlə işlənib hazırlanmışdır.

image-4-6

Mühəndislik və konsaltinq sahələrində gördüyü beynəlxalq statuslu işlər sayəsində PROYAPI Şirkəti dünyanın ən nüfuzlu sənaye nəşrlərindən biri olan ENR (Engineering News-Record) tərəfindən dərc olunan siyahıya daxil edilərək olduqca mühüm bir beynəlxalq mükafata layiq görülmüş və bu mükafat 2026-cı ilin 27 yanvar tarixində Türkiyə Podratçılar Birliyi tərəfindən təşkil edilən Xaricdə Podratçı Xidmətlər Mükafatı Mərasimində Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən Şirkətin nümayəndələrinə təqdim edilmişdir.

image-5-5

Bu gün müxtəlif coğrafiyalarda beynəlxalq keyfiyyət standartlarına uyğun olaraq mühəndislik və müşavirlik xidmətlərini uğurla davam etdirən PROYAPI Şirkəti dünyanın ən öndə gedən mühəndislik və məsləhətçilik şirkəti olmağı qarşısına bir məqsəd kimi qoymuşdur. Həmişə dürüstlük və etibar prinsiplərinə sadiq qalan Şirkət şəffaf və etik iş prinsipləri çərçivəsində fəaliyyət göstərərək müştərilərinin və iş ortaqlarının etibarını qazanmağa çalışır.

image-6-3

Fəaliyyət sahəsi kifayət qədər geniş olan PROYAPI Şirkətinin ixtisaslaşdığı sahələrdən biri də su ehtiyatlarının davamlı və səmərəli istifadəsi üçün su anbarları, bəndlər və hidroelektrik stansiyaların (HES) layihələndirməsidir. İnnovativ yanaşmalarla su qurğularının dizaynı, mühəndisliyi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlərini təklif edən Şirkət təqdim etdiyi layihənin hər mərhələsinin texniki detallarına diqqət yetirərək onların etibarlılığını və uzunmüddətli davamlılığını təmin edir. Təbiət resurslarının qorunmasının və enerji istehsalında səmərəliliyin prioritetliyini əsas götürən PROYAPI Şirkətinin peşəkar komandası beynəlxalq təcrübəyə söykənərək su anbarları, suvarma layihələri, HES, su hövzəsinin idarə olunması və daşqından mühafizə layihələrini qlobal standartlara uyğun olaraq hazırlayır.

PROYAPI Şirkətinin Azərbaycanda fəaliyyəti 2001-ci ildə Ələt–Qazı Məmməd avtomobil yolunun bərpası üzrə layihələndirmə işlərini həyata keçirməklə başlamışdır. Beynəlxalq yük və sərnişin daşımalarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olinmasında mühüm rol oynayan Bakı–Ələt–Qazı Məmməd avtomobil yolu ölkəmizin əsas beynəlxalq magistrallarından biridir və M2 magistralının tərkib hissəsinin əsasını təşkil edir. Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizinin vacib hissəsi olan bu yol qüvvədə olan inşaat norma və qaydalarına və eləcə də beynəlxalq standartlara uyğun olaraq layihələndirilmişdir.

İlk layihənin uğuru Şirkətin ölkəmizdə fəaliyyətini daha da geniş davam etdirməsinə rəvac vermiş və elə məhz bu məqsədlə də Şirkət 2008-ci ildə Azərbaycanda öz nümayəndəliyini təsis etmişdir. Şirkət Bakı şəhərində öz ofisini açaraq Bakı–Ələt avtomobil yolunun bərpası üzrə mühəndislik və məsləhətçi xidmətlərini yerinə yetirməyə başlamışdır.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 17 noyabr tarixli 2297 №-li sərəncamına əsasən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsinin hazırlanması PROYAPI Şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən növbəti ən uğurlu layihələrdən biri olmuşdur. Ümumi uzunluğu 101,5 km, eni isə 37,7 metr olan bu yol Füzuli şəhərinə, burada inşa olunan beynəlxalq hava limanına, Topxana meşələrinin ətəyindən keçməklə Daşaltı kəndinə, oradan isə Şuşa şəhərinə qədər uzanan bir infrastruktur layihəsidir. Onu da qeyd edək ki, Qarabağ bölgəsi üçün olduqca böyük əhəmiyyət kəsb edən bu yolu ölkə başçısı “Qələbə Yolu” adlandırmışdır. Bu yolun layihələndirilməsi ilə yanaşı, onun tikintisinə texniki nəzarət də PROYAPI Şirkətinə həvalə edilmişdir. Mürəkkəb relyef şəraitində həyata keçirilən yolun layihələndirilməsi və tikintisi 11 ay ərzində yekunlaşmışdır.

İşğaldan azad olunmuş ərazilərdə inşa edilmiş Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Toğanalı–Kəlbəcər-stisu, Xudafərin-Qubadlı-Laçın və Kəlbəcər-Laçın avtomobil yollarınln layihə sənədlərinin hazırlanmasında PROYAPI Şirkətinin xüsusi rolu olmuşdur. Bu yollar bölgədə yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına, Laçın hava limanına və “İstusu” müalicə-istirahət mərkəzinə gediş-gəlişin asanlaşdırılmasına xidmət edir.

PROYAPI Şirkəti Azərbaycanda dəmiryol infrastrukturunun inkişafı üzrə həyata keçirilən layihələrdə də yaxından iştirak etmişdir. Şimal-Cənub dəmiryol dəhlizinin Biləcəri–Yalama hissəsi üçün konseptual planın, müfəssəl layihələrin və digər sənədlərin hazırlanması Şirkətin bu sahədə gördüyü işlərdəndir.

Bütün bu işlərlərlə bərabər PROYAPI Şirkəti tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su ehtiyatlarından səmərəli istifadə olunması istiqamətində bir sıra əhəmiyyətli ilayihələrə imza atılmışdır ki, bunlardan da biri Zabuxçay su anbarının texniki-iqtisadi əsaslandırılma və layihə sənədlərinin hazırlanmasıdır. Qarabağ azad olunduqdan sonra bu ərazidə inşa olunan ilk su anbarı olan Zabuxçay su anbarının bölgə üçün vacibliyini düzgün qiymətləndirən Şirkət onun layihəsini qısa bir zamanda – 15 ay ərzində işləyib hazırlamışdır. Layihə əsasən Qubadlı və Zəngilan rayonlarının ərazisində yerləşən yeni yaradılmış aqroparklara və digər istifadəçilərə məxsus ümumilikdə 12 min 100 hektar əkin sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə ümumi tutumu 27 milyon kubmetr olan Zabuxçay su anbarı və ondan qidalanan 51,6 kilometr uzunluğunda təzyiqli magistral boru xətti inşa olunmuşdur. Zabuxçay su anbarının texniki göstəricilərinə əsasən, bəndin hündürlüyü 61 metr, uzunluğu 502 metr, üstdən eni isə 10 metr təşkil edir. Tikinti zamanı Güləbird Su Elektrik Stansiyasına (SES) aid 1,2 kilometrlik derivasiya boru xətti, su anbarının bəndi, qəza sutullayıcısı, xidməti bina və ətraf infrastruktur obyektləri də tam şəkildə qurulmuşdur. Ümumi zunluğu 51 min 600 metr olan.magistral boru xətti Zabuxçay su anbarından suyu Həkəri çayının sağ və sol sahillərində yerləşən Qubadlı və Zəngilan rayonlarının əkin sahələrinə suvarma nəql edir. Boru xəttinin su ötürmə qabiliyyəti başlanğıcda saniyədə 6,2 kubmetrdir. Sistem yüksək təzyiqli çiləyici və damcılı suvarma üçün nəzərdə tutulmuş və tam qapalı suvarma boru sistemi əsasında qurulmuşdur. Layihəyə əsasən çayın bəndi üzərində quraşdırılmış SES-lə isə ətraf ərazilərdəki yaşayış məntəqələrinin elektrik enerjisinə olan ehtiyacı ödəniləcəkdir.

2022-ci ilin noyabrında PROYAPI Şirkəti tərəfindən daha bir su anbarının – Bərgüşadçay su anbarının texniki-iqtisadi əsaslandırılma və layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. 2024-cü ildə layihənin ilkin mərhələsi – su anbarının layihəsi başa çatdırılmış, hal-hazırda layihənin yekun mərhələsi – su anbarının təsir dairəsində olan suvarma şəbəkəsinin layihəsi üzərində iş tamamlanmışdır. Layihədə Bərgüşadçay su anbarının bünövrədən hündürlüyünün 93 metr, ümumi su həcminin isə 70,5 milyon kubmetr olması nəzərdə tutulur. Layihə çərçivəsində 3 su elektrik stansiyasının, 22 kilometrlik yanaşma yollarının, 61,5 kilometrlik magistral xəttin və 355 kilometrlik suvarma şəbəkəsinin yaradılması, ümumilikdə 8 822 hektar sahənin suvarma suyu ilə təmin edilməsi planlaşdırılır.

PROYAPI Şirkəti 2025-ci ilin noyabrında Qarqarçay Hövzəsində Su Axını Rejiminin Tənzimlənməsi və Su Ehtiyatlarından Səmərəli İstifadə Layihəsinin hazırlanmasına başlamışdır. Hal-hazırda icrası davam edən layihə əsasən Qarqarçay hövzəsi daxilində yerləşən Xankəndi, Şuşa, Xocalı, Ağdam və Əsgəran başda olmaqla ümumilikdə 15 yaşayış məntəqəsinin içməli və məişət su tələbatının ödənilməsini nəzərdə tutur.

Ümumiyyətlə isə, PROYAPI Şirkəti qardaş ölkədə avtomobil yolları, su anbarları, bəndlər və digər hidrotexniki qurğularla onlarla layihəyə uğurla öz imzasını atmış, gördükləri işləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirmişdir. Şirkət Azərbaycanda müxtəlif özəl və dövlət təşkilatları ilə əməkdaşlıq əlaqələri qurmuşdur ki, bu təşkilatlar içində “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” Publik Hüquqi Şəxslə əməkdaşlıq Şirkət üçün xüsusi əhəmiyyət kəsb edir.

image-7-4

PROYAPI Şirkətinin Azərbaycandakı uğurlu fəaliyyətində Şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri, təcrübəli mütəxəssis Akif Aygenin və layihə rəhbəri Aydın Ekicinin xüsusi rolu vardır.

Azərbaycanda gözəl bir atalar sözü var, “Dost gəlişi bayram olar!” Bəli, əsl dostlar çətin gündə bir-birinin yanında olur, yaxşı gündə isə sevinclərini bölüşürlər. Bu cür münasibətlər həyatı daha mənalı və rəngarəng edir. Qardaş Türkiyədən hər bir kəsin gəlişi bizim üçün təkcə dost yox, həm də qardaş gəlişidir. Elə Ulu Öndər Heydər Əliyev demişkən, biz bir millət, iki dövlətik. Ölkələrimiz arasında əbədi dostluğa, qardaşlığa öz töhfəsini verən hər kəs xüsusi hörmətə, rəğbətə layiqdir.

Bu gün uğurlu fəaliyyəti, gördüyü işlərin əhəmiyyətilə ölkələrimiz arasında əbədi dostluq və qardaşlıq əlaqələrinə öz töhfəsini verənlərdən biri də qardaş ölkənin PROYAPI Şirkətidir. Odur ki, “Vətəninfo.az” İnformasiya Agentliyi Şirkətin rəhbərliyinə, hər bir əməkdaşına xüsusi hörmət və rəğbətini bildirməklə onlara yorulmaz, peşəkar fəaliyyətlərində yeni-yeni uğurlar diləyir!

Vətəninfo.az

 




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki