Mədəniyyət beşiyi Qarabağın əsas simvolu Xarıbülbüldür. Xarıbülbül özündə tarixin unutdura bilmədiyi sevgi hekayəsini qoruyur saxlayır. Elə bir sevgi hekayəsi ki, 30 illik erməni əsarəti, təcavüzü belə onun ətirini, təravətini bir an belə olsun soldura bilməmişdir. Xarıbülbül Azərbaycan təbiətinə məxsus nadir endemik bitkidir, dünyada sadecə Qarabağda, xüsusən də Qarabağın incisi Şuşada yetişir. Buna görə də Şuşanın simvoluna çevrilmiş bu əfsanəvi gül hər bir azərbaycanlı üçün xüsusi dəyərə malikdir. 30 illik həsrət bu dəyəri daha da artırmışdır.
Vətən bağı al-əlvandır,
Yox üstündə Xarıbülbül.
Ömür sürməli dövrandır,
Səsin gəlsin barı bülbül.
Tarix boyu xalqımız bu gülün şərəfinə rəvayətlər, əfsanələr, bayatılar, mahnı və nəğmələr qoşmuş, zaman keçdikcə, dövr yeniləndikcə konsertlər, festivallar bu zərif, lakin güclü gülün adı ilə adlandırılmışdır. Bəli, Xarıbülbülü zərif və güclü adlandırmağımız səbəbsiz deyildir. Bu gün özündə sanki Qarabağ insanını, yurd oğlu və qızını anımsadır. Çünki yerli əhali təbiətlə vəhdəddə idi, torpağına çəkmişdi. Zərifdir, hər kəsə süfrəsində yer vardır, düşmənini bağışlayan, kin saxlamayan, ancaq yeri gələndə şir kimi kükrəyən, öz gücünü dünyaya sübur edəndir. 2020-ci il Vətən müharibəsi ilə bunun ən böyük şahididir.
Bu müqəddəs torpaqlarda ilk “Xarıbülbül” festivalı dahi şəxsiyyət, Azərbaycan mədəniyyətinin, milli irsinin daima yaşar siması, məşhur xanəndə Xan Şuşinskinin 100 illik yubileyi münasibəti ilə 1989-cu ildə təşkil edilmişdir. Azərbaycan musiqi sənətinin qiymətli üstadları bu festivalı öz ifaları ilə daha da möhtəşəm hala gətirmiş, tarixdə unudulmaz xatirə yaratmışdırlar. Festival bir qayda olaraq may ayında, Cıdır düzündə keçirilmişdir, çünki Xarıbülbülün çiçəklənmə ərəfəsi bu aya təsadüf edir.
İkinci “Xarıbülbül” festivalı 1990-cı ildə təşkil olunmuş və festival beynəlxalq status qazanmış, təkcə Azərbaycanda deyil, bütün SSR ərazisində səs-sədaya səbəb olmuşdur. 1991-ci ildə isə üçüncü “Xarıbülbül” festivalı baş tutmuşdur. Bu festival da tamaşaçılarının sayının çoxluğu ilə yadda qalmışdır.
4-cü festival 1992-ci ildə baş tutmalı, iştirakçı sayı ən çox olan tədbir olmalı idi. Bütün planlar hazır olsa da, xalqımızın hər sevincli gününə göz dikən xəbis düşmənin xain basqını və işğalı səbəbi ilə ləğv olunmuşdur. Əlbəttə inkişaf edən Azərbaycanın bu günkü halı bizə paytaxt Bakıda daha əzəmətli festivallar keçirməyə imkan verirdi. Ancaq Xarıbülbül Şuşadan kənarda açmadığı kimi, “Xarıbülbül” festivalı Cıdır düzü olmadan baş tuta bilməzdi.
2020-ci il Vətən müharibəsi zamanı azad edilən Şuşa bizə gələcəyə daha ümidlə baxmağa sövq etdi. Biz sadecə Qarabağ torpağını yox, o torpağın hər qarışındakı tarixi minilliklərə dayanan tariximizi, mədəniyyətimizi, ulu babalarımızı, Xarıbülbülü əsarətdən qurtardıq. Biz milli kimliyimizi, mənliyimizi, xalq olaraq həqiqi gücümüzü dünyaya sübut edərək mərd övladlar yetişdirən Ana Vətənə borcumuzu ödədik. Azad edilən Şuşa 2021-ci il 7 may tarixli sərəncamla mədəniyyət paytaxtı elan edildi, “Xarıbülbül” festivalı bərpa edildi.
Cari ilin 12-13 may tarixlərində Heydər Əliyev fondunun təşkilatçılığı ilə əvvəllər olduğu kimi tarixin ən yaxın şahidi Cıdır düzündə sayca 4-cü “Xarıbülbül” festivalı təşkil olundu. Festival möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışı ilə başladı. Qarabağ fatehi fəth edilən Qarabağ ərazisində “Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək” deyərək tədbiri açıq elan etdi. Möhtərəm liderimiz, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva festival iştirakçılarının çıxışlarını dinlədi, festivalda iştirak edən incəsənət xadimləri ilə görüşdü. Festivalın sonunda hamı birlikdə “Qarabağ Azərbaycandır!” şüarını bir daha səsləndirdi.
“Xarıbülbül” festivalı sadecə mədəni hadisə deyil, o həm də tarixi hadisədir. Çünki böyük Zəfərin, birliyin və inamın məhsulu olaraq xalqımıza Ali Baş Komandan və Silahlı Qüvvələr tərəfindən, şəhidlərimiz, qazilərimiz, igid vətən oğullarından töhfədir.
Ermənistan baş naziri Nikol Paşinyanın xanımı Anna Hakopyan çıxışlarının birində Mehriban xanım Əliyevanın Şuşada muğam dinləmək arzusuna öz münasibətini bildirərkən söyləmişdi :”Əgər Mehriban xanımın belə bir arzusu varsa, biz onu muğama qonaq edə bilərik. Əgər muğam adı altında onlar müharibə istəyirlərsə, onda bu arzu elə arzu olaraq da qalacaq. Əgər müharibə başlasa, muğam dinləmək istəyəcəyi yerlərin sayı artacaq”.
Mehriban xanımın arzusu bu gün özünü festivalda doğrultdu. Lakin Mehriban xanım qonaq qismində yox, Azərbaycan vətəndaşı olaraq Azərbaycan ərazilərində, hətta ən dilbər guşəsində öz xalqına məxsus mədəniyyət zinəti olan muğamı dinlədi. Bu isə o deməkdir ki, Qarabağ “qonaqlarını” çoxdan yola salıb. 30 illik qonaqlıq düşmənə baha başa gəldi və Qarabağ öz həqiqi sahibinə, yurddaşına qovuşdu.
Haqlı olaraq sözümüzü cənab İlham Əliyevin sözləri ilə bitirmək yerinə düşər: “Əziz Şuşa, sən azadsan!… Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Nəsimi rayon gənci, Şəmilova Dünya Mərdan q.