44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il 25 sentyabrda BMT-nin sessiyasının ümumi debatlarında videoformatda etdiyi çıxışında dünya ictimaiyyətini Ermənistanın təxribatçı hərəkətləri haqqında bir daha məlumatlandırdı:
“Ermənistanın Baş Naziri Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etməyə məcbur ediləcək on minlərlə mülki vətəndaşdan ibarət silahlandırılmış dəstələrin yaradılmasını elan etmişdir. Ermənistanın müdafiə naziri “yeni ərazilər uğrunda yeni müharibə”yə çağırır. Ermənistan Azərbaycanın böyük şəhərlərinə və mühüm mülki infrastrukturuna – Mingəçevir su anbarı və Bakının yaxınlığında yerləşən dünyanın ən iri neft-qaz terminallarından biri olan və onlarla dövlətin enerji təhlükəsizliyini təmin edən Səngəçal terminalına zərbə endirməklə hədələyir. Ermənistan müxtəlif ölkələrdən muzdlular və terrorçular cəlb edir, onları Azərbaycana qarşı istifadə edir”.İlham Əliyev eyni zamanda Ermənistanın havadarlarına səslənərək bildirirdi: “Biz Ermənistana artmaqda olan silah təchizatından ciddi narahatıq. İyulun 17-dən etibarən sentyabr ayına qədər biz hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşınmasının şahidi olduq. Ermənistanın dünyanın ən yoxsul ölkələrindən biri olduğunu və silahlara milyardlarla dollar xərcləmək imkanına malik olmadığını nəzərə alsaq, silahların ona pulsuz verildiyi qənaətinə gələ bilərik. Etnik təmizləmə aparmış işğalçı ölkənin silahlarla təchiz edilməsi sülh danışıqlarını ciddi şəkildə sarsıdır və işğalçı dövləti yeni hərbi təxribatlara əl atmağa həvəsləndirir. Bu mənada Biz bütün ölkələri Ermənistana silah təchizatından çəkinməyə çağırırıq”.
Sentyabrın 27-də saat 6 radələrindən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmrilə Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının təmas xəttində sıx məskunlaşma olan kəndləri ilə yanaşı, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrinin mülki infrastruktur obyektlərini ballistik raketlərlə, fosforlu və kasetli bombalarla, klaster silahlarla atəşə tutaraq mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməyə başladı.
Erməni silahlılarının bu vandallıqları Ali baş komandanın əmri ilə Azərbaycan ordusunu əks tədbirlər görməyə vadar etdi. Ermənistan Respublikasının silahlı qüvvələrinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, Azərbaycan Respublikasına qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar olaraq, Prezident fərmanı ilə 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. 28 sentyabrda imzalanmış sərəncama görə isə respublikada qismən səfərbərlik elan edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir Yumruq” əməliyyatının ilk günlərində Füzuli və Tərtər rayonları istiqamətində, o cümlədən Murovdağda bir çox strateji məntəqələr azad edilərək irimiqyaslı hərbi əməliyyatlar davam etdirildi.
Qarabağ müharibəsi yalnız ön cəbhə ilə məhdudlaşmırdı. Bu müharibə dünya azərbaycanlılarının birliyini bir daha nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrindəyaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakar fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular. Müxtəlif təşkilatlar, özəl müəssisə və şirkətlərlə yanaşı, xeyli sayda vətəndaş müharibə zamanı, eləcə də atəşkəsdən sonra orduya daimi maddi dəstək verir, geyim, ərzaq, tibbi ləvazimat və s. yardım göndərməklə vətəndaşlıq borclarını yerinə yetirirdilər. Bu yardımlar o qədər geniş hal almışdı ki, Müdafiə Nazirliyi yardımlara ehtiyacın olmadığı, ordunun hər bir şeylə təmin edildiyi barədə ictimaiyyətə dəfələrlə açıqlamalar verməli olmuşdu. Ermənistana aid bəzi kütləvi informasiya mənbələri isə bu vəziyyətə heyrətini gizlədə bilmirdi.
Azərbaycan dövləti hərb meydanı ilə yanaşı, diplomatik və ideoloji cəbhədə də mübarizə aparırdı. Ölkə başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı. Ölkə Prezidenti Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında dünya ictimaiyyətini məlumatlandırırdı. Hərbi əməliyyatların nəticəsi Prezidentin rəsmi Twitter hesabından operativ olaraq paylaşıldığından, vətəndaşlar o səhifədəki xəbərləri səbirsizliklə gözləyir, KİV. nümayəndələri də oraya istinad edirdilər. Müharibənin gedişində müxtəlif nüfuzlu əcnəbi televiziya kanallarına verdiyi müsahibələrdə Ali baş komandan beynəlxalq aləmdə Azərbaycan haqqında formalaşmış yanlış təsəvvürləri aradan qaldırırdı.
Noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan etdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! … Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq… Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa döyüşləri barədə bunları söylədi: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.
Nəsimi rayon təhsil işçisi
Əfsanə Allahverdiyeva