ABŞ ordusu Yaxın Şərqdə hava və dəniz qüvvələrinin yerləşdirilməsini genişləndirib. Məlumata görə, Vaşinqton regionda təhlükəsizlik vəziyyətinin gərginləşməsi fonunda əlavə hərbi texnika və şəxsi heyət cəlb edib.
Vətəninfo.az xəbər verir ki, mövcud yerləşdirməyə əsasən, ABŞ Hərbi Hava Qüvvələri regiona onlarla hərbi-nəqliyyat və döyüş təyyarəsi göndərib. Bunlara 80-dən çox C-17 “Globemaster III” hərbi-nəqliyyat uçuşu, 3 ədəd C-5M “Super Galaxy” ağır yük təyyarəsi, çoxsaylı C-130H/J nəqliyyat reysləri, eləcə də 20-yə qədər KC-135 və KC-46 havada yanacaq dolduran təyyarə daxildir.
Bundan əlavə, axtarış-xilasetmə əməliyyatları üçün 2 ədəd HC-130J “Combat King II”, hava döyüş rabitəsini təmin edən 2 E-11A BACN təyyarəsi və strateji radioelektron kəşfiyyat üçün RC-135 “Rivet Joint” təyyarəsinin bölgədə fəaliyyət göstərdiyi bildirilir. Regionda eyni zamanda 6 F-35A qırıcı, 6 EA-18G “Growler” radioelektron mübarizə təyyarəsi, eləcə də əvvəldən yerləşdirilmiş F-15E “Strike Eagle” və A-10C “Thunderbolt II” hücum təyyarələri mövcuddur.
ABŞ Hərbi Dəniz Qüvvələrinin mövcudluğu da artırılıb. Ərəb dənizində USS Abraham Lincoln aviadaşıyıcı zərbə qrupunun yerləşdirildiyi, onun tərkibində 3 “Arleigh Burke” tipli esminesin olduğu qeyd olunur.
Oman və Fars körfəzində isə Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanındakı ABŞ hərbi bazalarının təhlükəsizliyini təmin etmək məqsədilə 2 “Arleigh Burke” tipli esminesin xidmət apardığı bildirilir.
İsraili qorumaq məqsədilə Əqəbə körfəzi və Aralıq dənizində əlavə olaraq 2 “Arleigh Burke” tipli esmines yerləşdirilib. Aralıq dənizində isə “Ohio” sinfinə aid USS Georgia atom sualtı qayığının fəaliyyət göstərdiyi qeyd olunur.


























