ABŞ Danimarka ilə Qrenlandiya üzrə müdafiə müqaviləsini yenidən nəzərdən keçirməyi planlaşdırır. Məqsəd, Qrenlandiyada ABŞ-ın hərbi mövcudluğuna dair hər hansı məhdudiyyətləri aradan qaldırmaq və adada limitsiz hərbi mövcudluq hüququ əldə etməkdir.
Vəziyyətlə tanış mənbələrin bildirdiyinə görə, hazırda qüvvədə olan müqaviləyə əsasən, ABŞ adadakı hərbi əməliyyatlar və obyektlərdə əhəmiyyətli dəyişikliklər etməzdən əvvəl Danimarka ilə məsləhətləşməli və Qrenlandiyanı məlumatlandırmalıdır. Lakin ABŞ tərəfi bu şərtlərin dəyişdirilməsini və müqavilədəki ifadələrin yenidən işlənməsini istəyir.
Ağ Evin sözçüsü Anna Kelli bildirib ki, müqavilə imzalanarsa, ABŞ Qrenlandiya ilə bağlı strateji məqsədlərinə minimal xərclə və daimi əsasda nail ola biləcək. O, əlavə edib ki, tərəflər arasında razılaşma baş tutduqdan sonra müqavilənin detalları ictimaiyyətə açıqlanacaq.
Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp Davos Dünya İqtisadi Forumunda Qrenlandiyanın təhlükəsizliyi və ABŞ-ın həmin bölgədəki mövqeyi ilə bağlı açıqlamalar verib. Tramp, 21 yanvarda ABŞ-dan başqa heç bir ölkənin Qrenlandiyanın təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini vurğulayıb. O, həmçinin NATO-nun Arktikadakı fəaliyyətləri ilə əlaqədar çərçivə sazişi hazırladıqlarını bildirib.
Trampın sözlərinə görə, ABŞ Qrenlandiyada müdafiə sistemləri qurmaq və əlavə hərbi mövcudluq əldə etmək üçün danışıqlar aparır. O, “istədiyimiz hər şeyi əldə edirik” – deyə əlavə edib.
Qeyd edək ki, ABŞ və Danimarka arasında Qrenlandiya ilə bağlı müdafiə müqaviləsinin yenilənməsi məsələsi hələ də müzakirə olunur və razılaşmanın təfərrüatları üzərində danışıqlar davam edir.


























