image-elcin-seyfullayevbackend

Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir.

image-reklam_sirab_01

Bildiyimiz kimi 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi baş tutmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak etmişdir. Foruma 40-dan yuxarı ölkə, 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insan qatılmışdır.
Cənab Prezident İlham Əliyev 5 oktyabr tarixində Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı qeyd edərək bildirib ki, təxminən 30 il boyunca Ağdamın bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb: “Siz görə bilərsiniz ki, yeganə yarım dağıdılmış bina Cümə məscidinin binasıdır. Amma onun ermənilərin keçmiş işğal altındakı ərazilərdə dağıtdığı digər məscidlər kimi dağıdılmamasının səbəbi minarələrindən Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün müşahidə məqsədilə istifadə edilməsi olub. Amma bizim ermənilərin inək və donuz saxladığı Ağdam məscidinin murdarlanmasına dair video və foto dəlillərimiz var. Azad edilmiş ərazilərdə mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılıb”.
Bildiyimiz kimi sentyabrın 27-də işğalçı Ermənistanın hərbi təxribatına cavab olaraq ordumuz tərəfindən başlanılan və 44 gün davam edən Vətən müharibəsi zəfərimizlə başa çatdı. Azərbaycan Ordusunun qələbəsi nəticəsində təcavüzkar ölkə təslim oldu və üçtərəfli bəyanata, kapitulyasiyaya imza atdı. İmzalanan 10 noyabr birgə bəyanatına uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirildi. Bəyanatda nəzərdə tutulduğu kimi Ağdam rayonu noyabrın 20-də işğalçı Ermənistan ordusu tərəfindən tam boşaldıldı və Azərbaycan Ordusunun hissələri əraziyə daxil oldu.
Beləliklə, ermənilər 30 il işğalda saxladıqları tarixi Azərbaycan torpağı olan Ağdam rayonunu boşaltdılar, Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonuna daxil oldu. Bundan sonrakı qısa zaman kəsiyində isə Kəlbəcər və Laçın rayonlarının boşaldılması və Azərbaycana təhfil verilməsi prosesi də uğurla başa çatdı.
Göründüyü kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət mürəkkəb müdafiə sisteminə malik ərazilərin heç bir itki vermədən, döyüşsüz azad edilməsinə şərait yaratdı. Ən əsası isə, Ağdam rayonu kimi strateji bir ərazinin məhz bu cür azad edilməsi Azərbaycanın bu müharibədəki qəti qalibiyyətinin növbəti təsdiqinə çevrildi. Yerləşdiyi regionun iqtisadi-siyasi lideri olan Azərbaycan dövlətinin qısa zamanda Ağdam rayonunun bu gün yenidən inşa edəcəyinə, illərdir yurd-yuvasından didərgin düşmüş vətəndaşlarımız üçün yüksək şəraitin yaradılacağına isə şübhə yoxdur.
Ağdam Azərbaycanın böyük və strateji əhəmiyyət kəsb edən rayonlarından biridir. Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindəndir və aparılmış arxeoloji qazıntılar da bunu təsdiq edir.
Qeyd etmək lazımdır ki, Ağdam rayonunda olan tarixi abidələrin əksəriyyəti işğal dövründə məhv edilib. Dini ibadətgahlar, ziyarətgahlar darmadağın olunub. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də vəhşicəsinə dağıdılıb.
İşğala qədər Ağdamda həmçinin 15 mineral xammal yatağı mövcud idi ki, bunlar əsasən, yeraltı içməli su, qeyri-filiz və inşaat materialları yataqları idi. Rayonun meşə fondu Ermənistan tərəfindən məhv edilib.
Keçirilən Forumda çıxışlardan və aparılan müzakirələrdən məlum olur ki, Azərbaycan Milli Şəhərsalma Forumu şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkan yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində əhəmiyyətli layihədir.
İşğaldan azad olunan ərazilərdə dayanıqlı İnkişaf məqsədləri günümüzün əsas mövzularındandır və bu mövzular da Forumun gündəliyinin əsasını təşkil edir.
Azərbaycanda ilk dəfə təşkil edilən Milli Şəhərsalma Forumu yuxarıda qeyd edildiyi kimi həqiqətən də çox mühüm əhəmiyyətə malikdir. Erməni vandallarının dağıtdığı şəhər və kəndlərimizin yenidən qurulması, vətəndaşlarımızın doğma yurdlarına qayıtması üçün geniş imkanlar yardacaq bu Forumun işi gələcəkdə necə əhəmiyyətli olduğunu təsdiq edəcəkdir.

Elçin Seyfullayev
Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image