Asiya İnkişaf Bankı (AİB) Qaradağ rayonunun Ələt qəsəbəsindən 9 km şimal-qərbdə yerləşən sahədə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) inkişafı, tikintisi və istismarı (“Alat Solar” layihəsi) üçün 23,20 milyon ABŞ dolları həcmində kredit ayırmağı planlaşdırır.
Veteninfo.az AİB-yə istinadən xəbər verir ki, bankın Direktorlar Şurasının iyulun 25-də keçiriləcək iclasında kreditin təsdiq edilməsi gözlənilir.
Ümumi dəyəri 240 milyon ABŞ dolları təşkil edən layihənin icrasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) 51 milyon ABŞ dolları ayırmağı planlaşdırır. Layihənin maliyyələşdirilməsində Beynəlxalq Maliyyə Korporasiyasının (BMK Dünya Bankı Qrupuna daxildir) da iştirak edəcəyi gözlənilir.
Layihə Azərbaycanda yaradılmış və maliyyələşmə üçün borcalan qismində çıxış edəcək xüsusi struktur tərəfindən işlənib hazırlanacaq. Qaradağ GES-in tikintisi layihəsini “Abu Dhabi Future Energy Company” (Masdar) icra edir. Layihənin icrası üçün Azərbaycanda “Masdar Azerbaijan Energy” MMC qeydiyyatdan keçib.
Layihə – günəş fotoelektrik qurğusunun və yeni yarımstansiyanın, yerli yarımstansiyanı ölkə şəbəkəsi ilə birləşdirən 330 kV-lıq hava elektrik ötürücü xəttinin tikintisi, mövcud yola paralel yeni kənar yolun salınması üçün yolların yaxşılaşdırılması kimi 3 komponentdən ibarətdir. Layihə Azərbaycanın enerji sisteminə 230 MVt günəş enerjisi istehsal gücü əlavə edəcək və təxminən 110 000 evi enerji ilə təmin edəcək. Bu layihə, Azərbaycanın təbii qaza əsaslanan elektrik stansiyalarını əvəz etməyə kömək edəcək və Paris Sazişi üzrə öhdəliklərinə uyğun olaraq müəyyən edilmiş bərpa olunan enerji hədəflərinə çatmağa kömək edəcək. Layihə həmçinin, illik təxmini “CO2” emissiyasını 200 min tona qədər azaldaraq, güclü ekoloji fayda təmin edəcək. Bu, ölkənin istilik enerjisi istehsalına olan yüksək asılılığını azaldaraq, aşağı karbonlu keçiddə kömək edəcək.
Azərbaycan Hökuməti ilə “Masdar Azerbaijan Energy” arasında imzalanmış ikitərəfli saziş çərçivəsində həyata keçiriləcək layihə Bakıdan 60 km cənubda, Qobustandakı palçıq vulkanlarının yaxınlığında həyata keçiriləcək. Layihənin ərazisi 550 ha təşkil edir.
Xatırladaq ki, baş ofisi BƏƏ-də yerləşən “Masdar” şirkəti bərpa olunan mənbələrin işlənməsi və şəhərlərin dayanıqlı inkişafı sahəsində regional lider və böyük şirkətlərdən biridir.