“Atama, qardaşıma olan təzyiqlər gözümün önündə olub. Atam bu sahəni seçdiyinə görə çox əziyyət çəkib. Düzdür, qardaşımın da səhhətində müəyyən problemlər var idi, amma aktyorluğu seçməsəydi bəlkə hər şey tam başqa cür olacaqdı. Çünki aktyor sənəti özü-özlüyündə çox ağır və mürəkkəb sənətdir. Orada ikiləşirsən, üçləşirsən, fərqli obrazlara daxil olursan. Bu da təbii ki, insan psixologiyasına, psikasına çox pis təsir edir. Əgər insanın psikası bir az da zəifdirsə, ümumiyyətlə. Qardaşım da çox həssas insan idi. Uşaqlıqdan da bir az fərqli idi. Atamın dünyasını dəyişməsi ona çox pis təsir etdi. Sonra aktyor sənətinə ki, anam onu yönləndirdi, həvəsləndirdi, bu da ona əlavə bir zərbə oldu. Öz sənətini çox sevirdi, fədakarcasına yanaşırdı. Amma əslində olmazdı. Əlbəttə ki, anam bunu pis mənada etmədi, istədi ki, atamın yolunu davam etdirsin. Nəticəsi çox acınacaqlı oldu. Onun faciəsinə çevrildi. Atam da öz sənətini çox sevirdi, fədakarcasına bağlanmışdı. Ona da çox böyük təzyiqlər olurdu. İmkan vermirdilər ki, öz potensialını göstərsin. Bu da onu depressiyaya salırdı, həyatdan küsdürürdü. Ola bilsin ki, elə onun da dünyadan tez köçməsinin səbəbi bu oldu”.
Bunu Medianews.az-a açıqlamasında mərhum sənətkar, görkəmli aktyor Səməndər Rzayevin qızı Rübabə Rzayeva deyib.

O daha sonra övladının bu sənətə həvəsinin olduğunu bildirib:
“Oğlum uşaqlıqdan aktyorluğa meyllidir. Lap kiçik yaşlarından öz-özünə etüdlər göstərirdi. Heç kim ona deməmişdi ki, etüd nədir? Çox maraqlı idi ki, hisslərini, duyğularını etüdlə ifadə edirdi. Hərəkətlərlə, mimikalarla, jestlərlə.. Üstəlik də teatra böyük həvəsi var idi. Uşaq yaşlarından bizim bütün korifey sənətkarlarımızı tanıyırdı. Demək olar ki, bütün tamaşalara gedib baxıb. Baxçaya gedəndə mən onu Uşaq filarmoniyasında rəqs dərnəyinə yazdırdım. Orada dram dərnəyi də var idi. Özü xahiş etdi ki, məni dram dərnəyinə də yazdır. Orada müxtəlif tamaşalarda rollar oynayırdı. Musiqi məktəbində şəhidlər haqda kompozisiya qurmuşdular. Orada da şəhid bir əsgəri canlandırmışdı. Onu həmin tamaşada ayaqüstə alqışladılar. Aktyorluğa böyük həvəsi var. Hərdən aktyor olmaq istədiyini deyir. Deyir ki, “sənin tanışların çoxdur, nə olar məni də apar onlardan birinin yanına, yoxlasınlar görüm istedadım var ya yox?”. Oğlumun aktyor olmağını heç dayısı da istəmirdi. Həqiqətən də qardaşım ölən günə qədər dedi ki, “heç vaxt aktyor olma”.

























