Bəzən bir konsertə gedirsən, gözəl musiqi dinləyib geri dönürsən. Bəzən isə elə bir sənət gecəsinin şahidi olursan ki, oradan qulaqlarında səslər, yaddaşında xoş xatirələrlə yanaşı, qəlbində tamam başqa bir aləm daşıyaraq ayrılırsan. Çünki səhnədə əsl sənətkar, əlində musiqi aləti, qarşısında sənətə könül vermiş tamaşaçılar, konsert zalının hər guşəsində isə minilliklərin nəfəsini yaşadan, insan ruhunu oxşayan melodiyalar var. Həmin an anlayırsan ki, əsl sənət nə zamana sığır, nə də sözlərə…
Ötən günlərdə keçirilən Qarabağ qazisi, dünya şöhrətli həmyerlimiz Sami Yusufun orkestrinin üzvü, müəllim, Muğam Televiziya Müsabiqəsinin ansamblının üzvü, bəstəkar-ar tənzimləyici və aranjimançı, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti, mahir ud və tar ifaçısı İdris Hüseynovun “Kainatın nəbzi” adlı solo konserti məhz belə unudulmaz mədəniyyət hadisələrindən biri oldu.
Bu konsert, bir tərəfdən, sənətini bütün varlığı ilə sevən bir musiqiçinin illər ərzində topladığı təcrübənin, zəhmətinin və yaradıcılıq axtarışlarının hesabatı, digər tərəfdən isə onun sənətinə, istedadına və şəxsiyyətinə duyulan ehtiramın təcəssümü idi.
Gecə boyunca səslənən hər bir ifa sanki keçmişlə bu günü birləşdirirdi. Bir tərəfdə milli musiqimizin həzin sədaları, qədim Şərqin zəngin musiqi ənənələri, digər tərəfdə isə müasir aranjimanlarla yeni nəfəs qazanmış melodiyalar vardı. Bu ifalarda bir tarix, bir xalqın yaddaşı, Qarabağın həsrəti və Zəfərin qüruru, Şərqin müdrikliyi, muğamın dərinliyi və sənətkarın öz ruhundan süzülən sonsuz duyğular yaşayırdı.
İdris Hüseynovun ifalarını dinlədikcə aydın hiss olunurdu ki, burada məqsəd yalnız konsert vermək, musiqi səsləndirmək deyil. Hər notun öz taleyi, hər melodiyanın öz hekayəsi, hər mizrab zərbəsinin öz xatirəsi vardı. Sanki sənətkar udun və tarın telləri ilə yalnız musiqi yaratmır, həm də qəlbinin dərinliklərində yaşatdığı hissləri, düşüncələri və həyat təcrübəsini dinləyicilərlə bölüşürdü.
Bütün bu duyğuların içində onun könüllü olaraq Vətən uğrunda mübarizəyə qatılmış Qarabağ qazisi olduğunu düşünməmək mümkün deyildi. İnsanın qarşısında sınmayan iradənin, mənəvi gücün və Vətənə sədaqətin necə böyük məna daşıdığını belə anlarda daha dərindən anlayırsan.
İdris Hüseynovun həyat yolu ilə səhnədə yaratdığı zərif musiqi arasında sanki görünməz bir bağ vardı. Udun həzin səsində dilə gətirilməyən sözlər, bəlkə də, illərin yaddaşında qorunan, insanın daxilində daşıdığı, lakin ifadə etməkdə çətinlik çəkdiyi duyğular yaşayırdı. Həmin an düşündüm: bəlkə də, musiqi insan qəlbinin həqiqətlərini ifadə etməyin ən saf yoludur. Söz bəzən ağrını anlatmağa yetmir, baxış bəzən duyğunu çatdıra bilmir, amma bir melodiya insanın bütün daxili aləmini danışdıra bilir.
İfaçı ilə tamaşaçı arasında qurulan görünməz körpü İdris Hüseynovun səsləndirdiyi hər yeni melodiya ilə daha da möhkəmlənirdi. Zalda hökm sürən diqqət, səhnəyə yönələn baxışlar, musiqinin axarına qoşulan könüllər sənətə və sənətkara verilən dəyərin canlı təzahürü idi.
Diqqətimi çəkən məqamlardan biri də zalda hökm sürən xüsusi səssizlik idi. Bu, adi bir sakitlik deyildi. Hər kəs musiqini öz daxilində yaşamaq, ifanın ən incə çalarlarını belə duymaq istəyirdi. Bəzən elə hiss olunurdu ki, səhnədəki udun səsi ilə zalda əyləşən insanların ürək döyüntüləri eyni ritmdə birləşib. Sanki hamı bir melodiyanın, bir duyğunun, vahid mənəvi dünyanın içində idi.
Konsertin təsiri ilə ətrafıma nəzər saldım. Tamaşaçıların üzündəki məmnunluq, ifalara duyulan rəğbət, musiqi bitdikdən sonra da davam edən xoş ovqat bu gecənin hər kəsin yaddaşında dərin iz buraxdığını göstərirdi.
Məhz həmin mənzərəyə baxarkən bir daha düşündüm ki, bu cür sənət görüşlərinin qiyməti yalnız səsləndirilən əsərlərlə ölçülmür. Onların əsl dəyəri insana yaşatdığı hisslərdə, gündəlik qayğılardan uzaqlaşdıraraq düşündürdüyü məqamlarda, oyatdığı duyğularda və qəlbdə saxladığı sirli təəssüratlarda gizlənir.
Bu unudulmaz gecəni özünəməxsus edən mühüm məqamlardan biri də İdris Hüseynovun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə yaradıldığı qeyd olunan EthnOud qrupunun səhnədəki çıxışı idi.
Tanınmış musiqiçiləri və Əməkdar artistləri bir araya gətirən bu kollektiv sadəcə müşayiətçi qrup deyildi. O, solo ifaların musiqi palitrasını zənginləşdirir, səslənən əsərlərin emosional təsirini gücləndirir və səhnədə bütöv bir musiqi mənzərəsi yaradırdı. Müxtəlif musiqi alətlərinin ahəngi udun və tarın səsi ilə qovuşaraq ənənə ilə müasirliyin vəhdətini nümayiş etdirirdi.
EthnOud-un ifaları bir daha göstərdi ki, milli musiqi alətlərimiz yalnız keçmişin yadigarı deyil. Onlar yeni musiqi axtarışları üçün də geniş imkanlar açan, müasir səhnədə özünəməxsus yer tutmağa qadir olan zəngin mədəni irsimizdir.
Gecənin musiqi ovqatına öz töhfələrini verən Sərxan Bünyadzadə və İlhamə Qasımovanın çıxışları da konsertə xüsusi rəng qatdı. İdris Hüseynovun müşayiəti ilə təqdim olunan ifalar dinləyicilərə fərqli musiqi duyğuları yaşatdı, gecənin ümumi ahəngini daha da zənginləşdirdi.
Aparıcı Emil Şəhzadənin özünəməxsus poetik təqdimatı, səsinin fərqli çalarları və sözə verdiyi emosional məna isə konsertin bədii atmosferini tamamlayan mühüm elementlərdən biri oldu. Onun təqdimatında söz və musiqi bir-birini tamamlayaraq gecənin ruhuna uyğun xüsusi bir ovqat yaratdı.
Hər gözəl anın bir sonu olduğu kimi, alqışlar və xoş təəssüratlar içində bu sənət gecəsi də başa çatdı. Lakin zaldan ayrılarkən hiss edirdim ki, musiqi sanki mənimlə birlikdə qapıdan çıxır. Küçənin səsləri, gündəlik həyatın qayğıları yenidən ətrafımı bürüsə də, içimdə hələ də udun həzin avazı yaşayırdı.
Elə melodiyalar var ki, onları dilinlə zümzümə edə bilməsən də, ruhunla dinləməyə davam edirsən. İdris Hüseynovun ifaları məndə məhz belə bir təəssürat yaratdı.
Həmin gecə bir daha anladım ki, sənətkarın böyüklüyü yalnız musiqi alətini ustalıqla ifa etməsində deyil. Əsl böyüklük dinləyicini gündəlik həyatın hüdudlarından çıxararaq başqa bir aləmə aparmaqda, onun qəlbində unudulmaz duyğular oyatmaqda, musiqi vasitəsilə insana özünü yenidən kəşf etdirmək bacarığındadır.
İdris Hüseynovun solo konserti yaddaşımda udun və tarın sehrli səsi, muğamın mənəvi dərinliyi, milli ruhun əzəməti, müxtəlif musiqi alətləri ilə müasir melodiyaların ahəngi və sənətin insan ruhuna toxunan qüdrəti ilə yaşayacaq.
Bu gecə mənə bir daha göstərdi ki, milli musiqimiz və musiqi alətlərimiz yalnız keçmişimizin yadigarı deyil. Onlar bu günümüzün canlı nəfəsi, milli kimliyimizin ayrılmaz hissəsi və gələcək nəsillərə ötürməli olduğumuz ən qiymətli mənəvi sərvətlərimizdəndir.
Əməyinizə, zəhmətinizə, sənətinizə və bizə yaşatdığınız unudulmaz duyğulara görə Sizə sonsuz təşəkkürümü bildirirəm!
Qoy udunuzun və tarınızın səsi daim könüllərə yol tapsın, sənətinizin nuru daha geniş üfüqlərə yayılsın. Qoy ifalarınız dünyanın ən mötəbər səhnələrində səslənsin, milli musiqimizin zənginliyini, Azərbaycan ruhunun qüdrətini və Vətən sevgisinin ucalığını hər zaman yaşatsın.
Çünki bəzi sənətkarlar musiqi ifa etmirlər — onlar öz ürəklərini səsləndirirlər. İdris Hüseynovun “Kainatın nəbzi” konserti də məhz belə bir ürəyin döyüntüsü idi.
Gülər



























