image-photo-2022-11-17-11-17-36backend

Albaniya ilə əməkdaşlığın yeni yolları açılır Prezident İlham Əliyevin Albaniya səfəri iki dövlətin əlaqələrinin güclənməsinə yeni təkan verəcək

image-reklam_sirab_01

Bu gün, xüsusən Avropa dövlətləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərirlər. Avropa dövlətlərini daha çox Azərbaycanın artan gücü, enereji təhlükəsizliyi baxımdan bir sıra beynəlxalq layihələrdə aparıcı rol oynaması cəlb edir. Bu mənada Albaniya Respublikası da Azərbaycanla iqtisadi, mədəni, turizm və digər sahələrdə əlaqələrin genişləndirilməsində maraqlıdır. Xatırladaq ki, gələn il Azərbaycan-Albaniya diplomatik əlaqələrinin 30 illiyidir. Hazırda Azərbaycanın Albaniyada səfirliyi Yunanıstanda, Afina şəhərdə yerləşir. Albaniyanın Azərbaycanda səfirliyi Türkiyədə, Ankara şəhərində yerləşir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Prezident İlham Əliyevin noyabrın 15-də Albaniyaya rəsmi səfəri zamanı aparılan müzakirələrdə əməkdaşlığın yeni yollarının açılması, həmçinin diplomatik, parlamentlərarası əlaqələrin daha da genişlənməsi üçün bir sıra əhəmiyyətli təkliflər irəli sürülüb. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 15-də Tiranada Albaniya Prezidenti Bayram Beqay ilə təkbətək görüşü olub. Təkbətək görüş başa çatdıqdan sonra hər iki dövlətin Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər. Bəyanatlarda iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər, eləcə də regional inkişaf və dünyanın gündəliyində olan başlıca məsələlərin müzakirə edildiyi vurğulanıb. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, Azərbaycanla Albaniyanın qtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə birinci iclasını keçirməlidir: “Müzakirə ediləsi məsələlər çoxdur. Önəmli əməkdaşlıq istiqamətlərindən biri qaz sahəsidir. Ancaq əməkdaşlıq üçün enerji sektorundan başqa da çox yaxşı imkanlar var – qarşılıqlı sərmayə qoyuluşu, Albaniya və Azərbaycan şirkətlərinin birgə fəaliyyəti, birgə müəssisələrin yaradılması, turizm, kənd təsərrüfatı, müasir texnologiyalar sahələri”.
Bu gün Azərbaycanın enerji strategiyası xalqımızın gələcəyinə xidmət edir. Azərbaycan enerji üzrə əlaqələrdə regional və qlobal əhəmiyyətini, eləcə də özünün enerji potensialını düzgün qiymətləndirərək əlaqələri bu əsasda qurur. Azərbaycanın enerji siyasəti xarici neft-qaz mənbələrindən asılı olan Avropa regionu ölkələrinin enerji təhlükəsizliyi baxımından çox böyük önəm kəsb edir. Məhz buna görə də Prezident İlham Əliyev bəyanatında “Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir”,-deyə vurğulayıb. Prezident bəyanatında Avropa Komissiyası ilə bu il imzalanan əməkdaşlığa da toxunub: “Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatı iki dəfə artırılacaqdır”.
Bu bəyanat bir daha göstərir ki, Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Artıq Azərbaycan bir çox ölkələrdə, eləcə də bir sıra beynəlxalq layihələrdə investor olaraq çıxış edir. Cənab Prezident Azərbaycanın Albaniyada da enerji təchizatı sahəsində investor olaraq çıxış edə biləcəyini bəyan edib: “Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına öz töhfəsini verəcəkdir. Albaniyada bu günə qədər qaz şəbəkəsi yaradılmamışdır. Azərbaycan bu sahədə də investor kimi iştirak edə bilər”.
Azərbaycanın həyata keçirdiyi çoxtərəfli xarici siyasət nəticəsində dövlətimiz regionun ən güclü və suveren aktoruna çevrilib. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb. Prezidentimizin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Cənab Prezident Tiranda bu mövqeyini bir daha bəyan etdi: “İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri 1993-cü ildə qəbul olunmasına baxmayaraq, bu qətnamələr 27 il ərzində icra edilmirdi. Ermənistan bu qətnamələrin icrasına maraq göstərmirdi, faktiki olaraq məhəl qoymurdu, beynəlxalq ictimaiyyət, beynəlxalq birlik isə sadəcə olaraq, buna göz yumurdu və Ermənistana hər hansı bir sanksiya tətbiq edilməmişdir”.
Həyata keçirilən praqmatik xarici siyasət strategiyası Azərbaycana beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Qlobal təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, beynəlxalq əməkdaşlığın dərinləşməsinə rəvac edib. Bu baxımdan cənab Prezidentin bu səfəri Azərbaycan-Albaniya ikitərəfli əlaqələrinə yeni təkan verməklə ölkəmizin beynəlxalq əməkdaşlığının güclənməsinə xidmət edəcək.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki