image-02backend

Astana toplantısında Azərbaycan və Qarabağ həqiqətləri bir daha dünyaya bəyan edildi

image-reklam_sirab_01

Prezident İlham Əliyevin beynəlxalq arenada Azərbaycan həqiqətlərini ifadə etməsinin daha bir nümunəsinə 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında rastlaşdıq. Dövlət başçısının bu çıxışı sözün həqiqi mənasında bütün dünyaya Azərbaycanın qalibiyyətinin ifadəsi idi.
Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevin çıxışı geniş ictimai müzakirəyə səbəb oldu. Ölkə başçısı Qarabağ probleminin sülh yolu ilə həlli istiqamətində yaradılmış ATƏT-in keçmiş Minsk qrupunun ümidləri doğrultmadığını, heç bir iş görmədiyini diqqətə çatdırdı.
Qeyd edidi ki, oktyabr ayının 6-da Praqada baş tutan dörd tərəfli görüşdə Azərbaycan xoş münasibət göstərərək Fransanın bu görüşdə iştirakına razılıq verdi. Ancaq Fransa prezidentinin cəmiyyəti çaşdırmağa hesablanmış qərəz və nifrət dolu bəyanatının qəbul olunmaz olduğunu bildirdi. Ölkəmizin başçısı Azərbaycanı dəhşətli müharibədə ittiham edən Makrona siyasi dərs keçdi. Prezident Qarabağın bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanındığını, beynəlxalq hüquqdan istifadə edərək ərazi bütövlüyümüzü təmin etdiyimizi vurğuladı və bu qərəzin fonunda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində Fransanın bundan sonra hər hansı rolunun mümkünsüzlüyünü ifadə etdi.
Otuz il davam edən işğal dönəmində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrin icra olunmamasına, beynəlxalq təşkilatların öz missiyasını layiqincə yerinə yetirməməsinə diqqət çəkən Prezident Azərbaycan xalqının beynəlxalq hüququ öz gücü ilə bərpa etməsini xüsusi olaraq vurğuladı. Eyni zamanda, qeyd olundu ki, Ermənistan silahlı qüvvələri tərəfindən şəhərlərimiz, kəndlərimiz, mədəni və dini abidələrimiz, məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib.
Ermənistanın torpaqlarımızı işğal altında saxladığı uzun bir zaman ərzində bu ərazilərdə bir milyondan çox mina basdırıldığı ehtimal olunur. Ermənistanın mina siyasətinin nəticəsində İkinci Qarabağ müharibəsinin başa çatmasından keçən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları zamanı həlak olub və ya ağır yaralanıb. Bir çox minaların müharibə başa çatdıqdan sonra basdırılması haqda konkret faktlar da var ki, bu da Ermənistanın açıq terror siyasəti yürütdüyünü təsdiqləyir.
Bütün bunla rarəğmən Azərbaycan işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı quruculuq işləri aparır və artıq “Böyük Qayıdış” həyata keçirilməkdədir. Otuz illik işğal dövründə ərazilərin xaraba qoyulmasının əksinə olaraq, Azərbaycanın qısa müddət ərzində böyük layihələr həyata keçirməsi, geniş yol infrastrukturunun qurulması bu torpaqlara kimin Vətən kimi baxmasının daha bir sübutudur.
Azərbaycan Prezidenti ölkəmizin hər zaman sülh tərəfdarı olduğunu bəyan edərək, qarşı tərəfin bu gün də müxtəlif təxribatlarla sülh prosesinə əngəl olduğunu diqqətə çatdırıb. Belə təxribatlardan biri də cari ilin sentyabr ayında həyata keçirilib və Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqincə cavablandırılıb.
Ermənistanın son illər ölkəmizə və vətəndaşlarımıza qarşı hər cür vəhşiliyinə rəğmən Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib və hər zaman öz prinsiplərinə sadiq qalıb.
Beləliklə, Azərbaycan Prezidenti növbəti dəfə qalib xalqın qalib lideri kimi dünyaya Azərbaycan və Qarabağ həqiqətlərini bəyan etmiş oldu. Dövlətimizin başçısı dünya siyasi sistemində hədəflərə nail olan və qətiyyətli lider kimi söz sahibidir.

Vahid İsmayılov – Tarix üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image