Avropada bomba hədələri ilə bağlı narahatlıq bu dəfə təhsil müəssisələrini əhatə edib. İtaliya və Şimali İrlandiyada çoxsaylı məktəblərə elektron poçt vasitəsilə hədələyici mesajlar göndərilib.
Vətəninfo.az xəbər verir ki, İtaliyada daxil olan bomba hədələrindən sonra ölkə üzrə azı 300 məktəb təxliyə olunub.
“Reuters” agentliyinin məlumatına görə, İtaliyanın təhsil naziri Cüzeppe Valditara “La7” telekanalına açıqlamasında bildirib ki, ölkənin müxtəlif bölgələrindəki təhsil müəssisələrinə eyni məzmunlu elektron məktublar göndərilib. Nazir təxliyə olunan məktəblərin sayının arta biləcəyini də istisna etməyib.
Romada yerləşən məktəblərdən biri valideynlərə göndərdiyi məlumatda bütün şagirdlərin təhlükəsiz əraziyə çıxarıldığını və müəllimlərin nəzarəti altında olduqlarını bildirib.
Hökumətə yaxın mənbənin məlumatına görə, təhdid məktubu özünü “Misoginistan Vilayətinin lideri Mixail Andropov” kimi təqdim edən şəxs tərəfindən imzalanıb.
Hazırda İtaliya polisi elektron məktubların müəllifinin müəyyənləşdirilməsi və hadisənin bütün detallarının araşdırılması istiqamətində tədbirlər görür.
**Şimali İrlandiyada da məktəblərə hədələyici məktublar göndərilib**
Şimali İrlandiya Təhsil İdarəsi də çərşənbə günü bir sıra məktəblərə hədələyici məzmunlu elektron məktubların daxil olduğunu açıqlayıb.
Bununla belə, polis mövcud təhdidləri ciddi təhlükə hesab etməyib və məktəblərə tədris fəaliyyətini davam etdirməyi tövsiyə edib.
Qeyd edək ki, son həftələrdə Avropada anonim bomba hədələri əsasən nəqliyyat sektorunu hədəfə alırdı. Təyyarə və gəmilərlə bağlı daxil olan təhdidlər təhlükəsizlik yoxlamalarının gücləndirilməsinə və reyslərin ləngiməsinə səbəb olmuşdu.
Bundan əlavə, Avropanın bir sıra ölkələrində supermarketlərin soyuducu sistemlərinə qarşı kiberhücumlar da qeydə alınmışdı.


























