Bizim ikitərəfli əlaqələrimiz genişlənir, güclənir, tərəfdaş ölkələrin sayı artır. Azərbaycan beynəlxalq arenada öz mövqeyini müdafiə etmək iqtidarındadır. Azərbaycan dünya miqyasında çox böyük hörmətə layiq olan bir ölkədir. Çünki sözümüz də, əməlimiz də birdir. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim xarici siyasətimiz daxili siyasətin məntiqi davamıdır. Xarici siyasətimiz ölkəmizin daha da güclənməsinə yönəldilmişdir və biz milli maraqlarımızı çevik və məqsədyönlü xarici siyasətlə təmin edirik və beynəlxalq təşkilatlarda fəaliyyətimiz çox təsirlidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Çoxşaxəli, tarazlaşdırılmış xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Həyata keçirilən xarici siyasət sayəsində ölkəmiz ikitərəfli münasibətlər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb. Bütövlükdə isə, müstəqil milli inkişaf Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu artıran əhəmiyyətli amildir. Ümumiyyətlə, sahib olduğu resurslardan səmərəli istifadə edərək qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri formalaşdıran ölkəmiz həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı əməkdaşlıq platformaları çərçivəsində öz mövqeyini gücləndirir. Bu isə Azərbaycanın pozitiv beynəlxalq imicinin möhkəmlənməsinə müstəsna töhfələr verir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi mütəmadi olaraq güclənir
Azərbaycanda aparılan genişmiqyaslı sosial-iqtisadi quruculuq prosesi, infrastrukturun müasirləşdirilməsi, insan kapitalının inkişafı Azərbaycan iqtisadiyyatının yenidən qurulmasına, dayanıqlı inkişaf mərhələsinə keçid almasına təkan vermişdir. Bu dövrdə ölkəmiz zəruri infrastruktur və institusional inkişaf göstəriciləri üzrə beynəlxalq reytinqlərdə xeyli irəliləmiş, milli iqtisadiyyatın rəqabət qabiliyyəti xeyli yüksəlmişdir. Azərbaycanın sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə ölkədə bir sıra mühüm əhəmiyyətə malik və strateji mahiyyət kəsb edən addımlar atılmış, genişmiqyaslı sosial-iqtisadi tədbirlər planı hazırlanmışdır. Qısa müddət ərzində çoxsaylı dövlət proqramları qəbul edilmış, infrastruktur sahələrin, sahibkarlığın, ölkədə işgüzar mühitin inkişaf etdirilməsi və məşğulluğun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycan sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır. Ümummilli liderin layiqli davamçısı olan İlham Əliyev nəinki Azərbaycanın ona etibar edilmiş müsbət imicin qoruyub saxlamış, həm də onu kifayət qədər yaxşılaşdırmağı bacarmışdır. Artıq ölkəmiz yalnız sosial-iqtisadi sahələrdə deyil, həm də siyasi və hərbi-təhlükəsizlik sahələrində həyata keçirdiyi ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahəsində də özünü etibarlı bir tərəfdaş kimi qəbul etdirib. Çünki, Azərbaycan əməkdaşlıq etdiyi tərəfdaşları ilə bərabərhüquqlu, hər iki tərəfin iqtisadi və siyasi maraqlarının gözlənilməsi və üzərinə götürdüyü öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi siyasətini həyata keçirməklə beynəlxalq siyasi arenada özünü güvənilə bilən bir ölkə kimi təqdim etməyi bacarır. Ölkəmizin iştirak etdiyi bütün layihələrlə bağlı verdiyi qərarlar, gördüyü tədbirlər, öhdəliklərinə məsuliyyətli yanaşması və qarşılıqlı mənafelərin qorunması sahəsində göstərdiyi siyasət dövlətimizin müsbət imicinin formalaşması ilə nəticələndi.
Nəsimi rayon təhsil işçisi
Əfsanə Allahverdiyeva