image-2backend

Azərbaycan-Rusiya münasibətləri inkişafdadır  

image-reklam_sirab_01

Keçmiş SSRİ-nin süqutundan sonra Azərbaycan-Rusiya münasibətləri iki müstəqil dövlət müstəvisinə keçmişdir. Azərbaycanla Rusiya arasında diplomatik əlaqələr 4 aprel 1992-ci ildə qurulmuşdur və elə həmin ildə hər iki dövlətin qarşılıqlı surətdə səfirlikləri fəaliyyətə başlamışdır. Bəzi nüanslara baxmayaraq, son 30 ildə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin çoxvektorluluğu təmin olunmuşdur.

İki ölkə arasında strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksələn münasibətlərin tənzimlənməsi üçün önəmli addımlar atılmışdır. Bu münasibətlərin müxtəlif aspektdə tənzimlənməsi məqsədilə müstəqilliyin bərpası dönəmində 260 sənəd imzalanmışdır.

Prezident İlham Əliyev öz fəaliyyətində Rusiya ilə münasibətlərə kifayət qədər həssas yanaşıb və bununla da ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən Rusiya ilə bütün sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri tətbiq olunmuşdur. Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmiş və Ermənistanın kapitulyasiyası ilə başa çatan İkinci Qarabağ müharibəsinin nəticələrini tanımış və bununla bağlı 10 noyabr 2020-ci il Bəyannaməsini imzalamışdır. Eyni zamanda əvvəldə qeyd etdiyimiz kimi, 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanmışdır və bunun nəticəsində dövlətlərarası münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldilmişdir. Ümumilikdə, 2004-cü ildən başlayaraq Azərbaycan Prezidenti İlham Əliyev 50 dəfədən çox Rusiya Federasiyasına səfər etmiş və iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə tarixi töhfələr vermişdir.

Rusiya həm də Azərbaycanın ən iri ticarət-iqtisadi partnyorudur və uzun illərdir ki, Azərbaycanın idxalında ilk yeri tutur. 2023-cü ilin yekununda Azərbaycanla Rusiya arasında xarici ticarət dövriyyəsinin həcmi 4358,7 milyon ABŞ dolları təşkil etmişdir. Bunun 1196,4 milyon ABŞ dolları ixracın, 3162,3 milyon ABŞ dolları isə idxalın payına düşür.

Bundan əlavə, iri trayektoriyaya və potensiala malik Rusiya bazarı Azərbaycanı qeyri-neft-qaz ixrac məhsulları üçün olduqca əlverişli hesab olunur. Azərbaycandan göndərilən meyvə və tərəvəzlər, bitki yağları, digər kənd təsərrüfatı məhsulları Rusiyanın əksər regionlarında tələbatı yüksək olan idxal məhsullarından hesab olunur. Rusiyadan Azərbaycana isə daha çox kənd təsərrüfatı və qida məhsulları, polad və dəmir məmulatlar, tikinti materialları, ağac məmulatları, kimya məhsulları, dərman, istehlak məhsulları, avtomobil mühərrikləri; borular və s. idxal edilir.

Hazırda Azərbaycanın Rusiya Federasiyasında, Rusiyanın da Azərbaycanda Ticarət Nümayəndəliyi fəaliyyət göstərir. Analoji olaraq bu nümayəndəliklərin əsas missiyası iki strateji partnyor ölkə arasında ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

Qeyd edək ki, Rusiyadan Azərbaycana birbaşa investisiyaların həcmi 4,5 milyard ABŞ dolları, Azərbaycandan Rusiyaya isə birbaşa investisiyaların ümumi məbləği 1,5 milyard ABŞ dolları təşkil edir. 2023-cü ildə Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcmi 300 milyon ABŞ dolları olmuşdur.

Azərbaycan bazarında ümumilikdə Rusiya kapitalı olan 1400-dən çox müəssisə fəaliyyət göstərir, onlardan 300-ə yaxını 100 faizlik Rusiya kapitalına malikdir. 2023-cü ildə Rusiyadan Azərbaycana gələn turistlərin sayı da kəskin artmış və 630 min təşkil etmişdir. Bu rəqəmin 2024-cü ildə artması gözlənilir.

Müasir dövrdə Azərbaycan müəssisələrinin Rusiyaya yönəltdiyi investisiyaların həcmi artmaqdadır. Rusiyanın bir qrup iri şirkətləri “LUKoyl”, “Baltika”, “Nikoyl” investisiya-kommersiya bankı, “Bank VTB” açıq səhmdar cəmiyyəti və s. Azərbaycanda fəaliyyət göstərirlər. Rusiyanın “Crocus International” Xəzər dənizinin sahilində dəyəri 1 milyard dollar olan turizm kompleksi layihəsini reallaşdırıb və bu layihə üzrə işlər genişləndirilməkdədir. Ölkəmizin “Azərsun Holding” şirkəti isə Rusiyada bir sıra layihələr həyata keçirir.

2008-ci ildən etibarən Bakıda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, 2015-ci ildən isə Bakı şəhərində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı yaradılmışdır.

Son illərdə beynəlxalq səviyyədə baş verən transformasiyalar, Rusiyaya qarşı ABŞ və Avropa İttifaqının sanksiyaları, regional inkişaf postulatlarının yenilənməsi nöqteyi-nəzərindən Azərbaycanla Rusiya arasında olan münasibətlər modernizasiya edilməkdədir. Rusiya Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərini dəstəkləməkdədir. Xüsusilə, Zəngəzur dəhlizinin açılması Rusiya və Azərbaycan kimi siyasi və iqtisadi fəaliyyət istiqamətlərində güclü, etibarlı tərəfdaşlıq əlaqələri olan qonşu dövlətlərin strateji maraqlarına uyğun hesab olunur. Bu dəhliz vasitəsilə Rusiya Federasiyası onun üçün çox mühüm strateji tərəfdaş ölkə olan Türkiyə ilə ticarət-iqtisadi əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirmək imkanları əldə edəcəkdir. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Rusiya çoxsaylı dünya dövlətləri ilə inteqrativ əlaqələrinin möhkəmləndirilməsi potensialına yiyələnəcəklər. Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat-logistika sektorunun əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi sayəsində Azərbaycanın və Rusiyanın siyasi və iqtisadi qüdrətinin artması üçün əlavə real potensial formalaşacaqdır.

Ümumiyyətlə, hazırda Azərbaycanla Rusiya arasında munasibətlərin daha da şaxələndirilməsi, ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi üçün istifadə edilməmiş böyük potensial mövcuddur. Son vaxtlar Rusiya şirkətləri Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq layihələrində iştirak etmək niyyətlərini ortaya qoyurlar. Fikrimizcə, bu kimi niyyətlərin reallaşdırılmasına ciddi əsaslar vardır, belə ki, iki ölkə arasında strateji əməkdaşlıq bütün istiqamətlərdə şaxələnməkdədir.

Əminliklə demək olar ki, Rusiya Prezidentinin Azərbaycana dövlət səfəri bu münasibətlərin daha da möhkəmləndirilməsinə əlavə təkan verəcəkdir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image