image-elcin-seyfullayevbackend

Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur.

image-reklam_sirab_01

Mətbuatdan aldığımız məlumata görə, 2022-ci il noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Albaniya Respublikasına səfər edib. Bu səfər Prezident İlham Əliyevin Albaniyaya ilk səfəri olmuşdur. Prezident İlham Əliyevin digər rəsmi xarici səfərləri kimi Albaniya səfəri də xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi səfərdə Albaniya rəsmiləri ilə baş tutan görüşlər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə xidmət edir. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay və baş nazir Edi Rama ilə görüşləri hər iki dövlətin bütün sahələrdə maraqlarına uyğundur.
Əgər Albaniya və Azərbaycan münasibətlərinin yaxın keçmişinə nəzər yetirsək, görərik ki, ölkələrimiz arasında siyasi dialoq yüksələn xətlə inkişaf etməkdədir. Azərbaycan ilə Albaniya arasında diplomatik münasibətlər 1993-cü ilin sentyabrın 23-də qurulub. Cənab Prezident İlham Əliyevin Albaniyaya ilk səfəri və Albaniya rəsmilərinin ölkəmizə müxtəlif illərdə etdiyi rəsmi səfərləri mühüm önəm daşıyıb. Belə rəsmi səfərlər hər iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, ticarət dövriyyəsinin artırılmasına geniş imkan yaradıb və yaratmaqdadır.
Azərbaycan Albaniya ölkəsi ilə münasibətinə xüsusi əhəmiyyət verir. Belə ki, ölkə başçısı İlham Əliyev bildirdi ki, ”Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcəkdə yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar var. Bu gün mənim səfərim onu göstərir ki, siyasi dialoqun çox gözəl təzahürləri var və çox güclü dinamizm var. Yəni bu sıx siyasi təmaslar, əlbəttə bizim niyyətimizi, bir-birimizə olan marağı göstərir, eyni zamanda imkan verir ki, çox önəmli məsələlər müzakirə edilsin”.
Qeyd etmək lazımdır ki, Albaniya və Azərbaycan münasibətlərinin digər önəmli məqamlarından biri də odur ki, Albaniya Ermənistanın ölkəmizə qarşı yönəltdiyi iyrənc siyasətə qarşı çıxır. 2022-ci il aprelin 14-də Azərbaycana rəsmi səfər edən Albaniyanın Baş naziri Edi Rama Bakıda olarkən deyib: “Albaniya ATƏT-in sədri və hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi hər zaman Azərbaycanı, həqiqəti və ölkənizin tarixi hüquqlarını dəstəkləyir və bunu etməyə davam edəcək”. Baş nazir, həmçinin əlavə edib: “Biz sizin qonşunuz Ermənistanla sülhə və uzunmüddətli əməkdaşlığa yönəlmiş olduqca nümunəvi səylərinizi alqışlayırıq”.
Əlbətdə ki, dövlətimizin başçısı Albaniyanın ölkəmizə göstərdiyi mövqeyi xüsusi olaraq dəyərləndirmiş və İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək qiymətləndirərək, vurğulayıb ki, “bu mövqe Albaniyanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bir daha göstərir”.
Ona da xüsusi diqqət yetirməliyik ki, tərəfdaşımız olan Albaniya 2022-2023-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Həmçinin, Dünya Bankı, UNESCO, NATO, Ümumdünya Ticarət Təşkilatı, Avropa Şurası, ATƏT və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkədir. 2014-cü ildən Avropa İttifaqına üzvlüyə rəsmi namizəddir. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Aralıq dənizi İttifaqı da daxil olmaqla Enerji Birliyinin qurucu üzvlərindən biridir.
Azərbaycan Albaniya əlaqələrinin inkişaf proseslərinə nəzər salsaq görürük ki, Albaniya prezidentləri ölkəmizə 5 işgüzar səfər, baş nazirləri isə 2 rəsmi və 2 işgüzar səfər ediblər. Belə görüşlərin nəticəsidir ki, Albaniya hal-hazırda Azərbaycanın iqtisadi layihələrində özünəməxsus yer tutur. İqtisadi əlaqələrə nəzər salsaq, aydın görünür ki, Azərbaycan və Albaniya arasında 2016-2017-ci illərdə ticarət əlaqələrində canlanma müşahidə edilib. İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin geniş potensiala malik olması vacib amillərdən sayılır. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrimizin əsas istiqamətidir. Cənub Qaz Dəhlizinin Trans-Adriatik Boru Kəməri layihəsinin həyata keçirilməsi strateji əhəmiyyət daşıyır və hər iki ölkə bu istiqamətdə uğurla əməkdaşlıq edib. Eyni zamanda, Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. 2020-ci il dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb. Albaniya podratçı şirkətləri də TAP boru kəmərinin tikinti işlərində iştirak ediblər. TAP layihəsinin həyata keçirilməsi çərçivəsində Albaniya öz tranzit imkanlarından faydalanması ilə yanaşı, layihənin icrası Albaniyada məşğulluğun artmasına böyük töhfə verib.
Azərbaycan Albaniyanın timsalında bütün dünya ölkələri ilə iqtisadi-ticarət layihələrini həyata keçirməyə çalışır. Azərbaycan Respublikasının Prezidenti bununla həm doğma xalqının rifahının yaxşılaşmasına, həm ölkəmizin hər sahədə qüdrətli olmasına tam gücü ilə səy göstərir, eyni zamanda ölkələrlə dostluq içərisində yaşamaqla, sülh içərisində qarşılıqlı mənfəət prinsipləri qorunmaqla isti, mehriban münasibətlərin tərəfdarıdır. Ölkə başçısının Albaniyaya səfəri bu məqsədin, məramın real nümunəsidir.

Elçin Seyfullayev
Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image