image-dsc_0141backend

Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

image-reklam_sirab_01

Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının (QHİF) sədri Satıbaldı Dauletalinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Dekabrın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və QHİF sədri Satıbaldı Dauletalin nümayəndə heyətləri ilə birgə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.
Şəhidlər xiyabanına gələn nümayəndə heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.
Bakının ən hündür nöqtəsindən şəhərin mənzərəsini seyr edən qonaqlara paytaxtda aparılan quruculuq işləri barədə məlumat verilib.
Daha sonra AHİK-in binasında görüş təşkil olunub. Görüşdə Azərbaycanla Qazaxıstan arasındakı münasibətlərdən, həmçinin iki qurum arasında mövcud olan əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.
AHİK sədri bildirib ki, Azərbaycan-Qazaxıstan əlaqələri sosial, siyasi, iqtisadi, mədəni və digər sahədə uğurlu inkişaf yolu tutub. Bu əlaqələrin möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin və Qazaxıstanın birinci Prezidenti – elbası Nursultan Nazarbayevin xidmətlərini xatırladan S.Möhbalıyev vurğulayıb ki, qardaş ölkə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək haqq işini müdafiə edib.
Vətən müharibəsində Azərbaycanın misilsiz qələbəsindən bəhs edən S.Möhbalıyev bu gün Şərqi Zəngəzurda və Qarabağda sürətli abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edib.
Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri deyib ki, ölkəmizdə ən böyük ictimai təşkilat olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.
S.Möhbalıyev əlavə edib ki, bu gün həmkarlar ittifaqları Azərbaycanda əmək prosesinə cəlb olunmuş vətəndaşlarımızın hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü iş aparır.
Səmimi qəbula görə təşəkkür edən QHİF sədri Satıbaldı Dauletalin Qazaxıstan həmkarlar ittifaqlarının gördüyü işlər haqqında ətraflı məlumat verib. O, Azərbaycan və Qazaxıstan həmkarlar ittifaqları arasında münasibətlərin davamlı olaraq inkişaf etdiyini, qarşılıqlı səfərlər təşkil edildiyini, təcrübə və fikir mübadilələrinin aparıldığını deyib. Bildirilib ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.
Sonra hər iki qurum arasında əməkdaşlığın və əlaqələrin daha da gücləndirilməsini nəzərdə tutan Əməkdaşlıq Memorandumu imzalanıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki